İdman 15:31 16.11.2022

Həsənzadə UEFA-dakı yeni işindən danışdı: “Əslində, qeyri-peşəkar yanaşma olmalıdır…”

UEFA-nın Gənclər və Həvəskar Futbol Komitəsinin iclası keçirilib. İclasda AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə həmin komitənin həqiqi üzvü seçilib.

Millimizin də sabiq üzvü olan veteran qapıçı Qaynarinfo-ya müsahibəsində yeni işindən danışıb.

- Yeni vəzifənizlə bağlı fikirlərinizi öyrənmək istərdik. İşiniz nədən ibarət olacaq?

- Bir ildən çoxdur komitədə çalışırdım. Sadəcə, pandemiya ilə əlaqədar rəsmi protokol görüşü keçirilməmişdi. Yəni, ictimaiyyətə belə təqdim etməmişdilər. O vaxt AFFA rəhbərliyi mənim namizədliyimi irəli sürmüşdü, komtiəyə üzv seçilmişdim. İşimin mahiyyəti UEFA tərəfindən keçirilən bütün həvəskar və gənclərdən ibarət yarışların təşkili, monitorinqi, müxtəlif qərarların verilməsi ilə əlaqəlidir. Bu onu göstərir ki, UEFA da digər böyük təşkilatlar kimi yerində durmur, hər zaman inkişafa doğru addımlar atır. UEFA-nın digər panelləri də var. Eləsi var ki, məşqçilərə aiddir. İnkişaf üçün bu panellərdən istifadə edirlər və zəruri məsələlər orada müzakirə olunur. Mən də orada söz sahibiyəm və ümumi maraqlara uyğun olan təkliflərlə ortaya çıxmağa çalışacağam.

- Paneldə neçə ölkənin nümayəndəsi var?

- Ortalama 18-19 nəfər var. Müxtəlif ölkələri təmsil edirlər. Məsələn, İspaniyadan, Maltadan, Gürcüstandan nümayəndələr mövcuddur. Minimum 10 ölkənin təmsilçisini görə bilərik. 

- Gənclər və həvəskar futbolunda son vaxtlar hansı yeniliklər müzakirə olunur?

- Kifayət qədər yeniliklər olacaq. Panelin üzvü kimi qərar verilməmişdən öncə ictimaiyyətə nəsə demək hüququmuz yoxdur. Amma uşaqların, ölkələrin idman inkişafını daim nəzarətdə saxlayırıq, mütəmadi olaraq yarışların keyfiyyətinin yüksəldilməsini düşünərək bəzi məsələləri müzakirə edirik.

- Başqa ölkələrdə gənclərin və ya həvəskarların oyunlarını izləmək üçün səfərləriniz də olacaq?

- Xeyr, işim bilavasiə təşkilati məsələlərlə əlaqədardır. Ola bilsin, məsələn, 17 yaşlılardan ibarət komandaların yarışlarının final mərhələsinin təşkilat qrupuna dəvət olunum. Yerlərə, komandaların oynayacağı meydançalarının keyfiyyətinə baxmaq kimi vəzifələr tapşırıla bilər. Hazırda isə işim yarışların formatını doğru-dürüst təyin etməkdən ibarətdir.

- Həm AFFA-da texniki direktor kimi fəaliyyət göstərirsiniz, həm Region Liqasına nəzarət edirsiniz. Bütün bunlar işin effekti baxımından sizin üçün çətin olmayacaq?

- Bu da işimizin bir hissəsidir. Əslində, texniki direktor kimi Azərbaycanda keçirilən yarışlara da nəzarət etməliyəm. Düşünürəm ki, mənim üçün yaxşıdır və UEFA təcrübəsi ilə birlikdə işim daha keyfiyyətli olacaq. Toplanışların sıxlığını nəzərə alsaq, panel ildə 3-4 dəfə onlayn formatda aktiv olur. Fikrimcə, mənim üçün çətin iş deyil, əksinə, böyük təcrübədir.

- UEFA-da sözügedən komitədə Azərbaycanı təmsil edəcəksiniz. Bunun ölkəmizə hansı faydaları dəyə bilər?

- Sözsüz, faydalı olmaq ehtimalı var. Əvvəllər Azərbaycanda 17, 19 yaşlı qız və oğlanlardan ibarət komandaların beynəlxalq yarışları keçirilmişdi. Düşünürəm ki, mənim orada təmsil olunmağımla gələcəkdə yenə də mötəbər yarışların final mərhələlərinə Azərbaycan ev sahibliyi edə bilər. Bu da vacib məsələlərdəndir, çünki istənilən halda ölkənin imicini yüksəldir. Yarışların keçirilmə səviyyəsi yüksək olduqda, AFFA növbəti addımları ata və daha böyük turnirləri Azərbaycana gətirə bilər.

- Azərbaycanda həvəskar və gənclərdən ibarət komandaların turnirlərinin səviyyəsi haqqında hansı düşüncədəsiniz?

- Həvəskarlar liqasının adı üstündədir. Əslində, qeyri-peşəkar yanaşma olmalıdır ki, insanlar asudə vaxtlarını futbolla keçirsinlər. Düşünürəm ki, səviyyə o qədər də pis deyil, amma istənilən işi daha yaxşı, yüksək səviyyədə görmək olar. Bu da təkcə AFFA-dan deyil, yarışda iştirak etmək istəyən digər qurumlardan da asılıdır. Özləri komanda və ya qurum şəklində inkişaf etməyin marağında olmalıdır. Qarşılarına inkişaf etmək, Birinci Diviziona, Peşəkar Liqaya yüksəlmək kimi məqsədlər qoysalar, həvəskarların çempionatı daha keyfiyyətli keçər.

- Ölkədə futbolun inkişafına mane olan problemlər də var. Məsələn, xüsusən də regionlarda olan stadion problemləri. Bunları necə yoluna qoymaq mümkündür?

- Başa düşürəm. Bildiyiniz kimi, Şamaxıda artıq meydança tikilib və istifadəyə verilib. Ölkədə bilavasitə AFFA tərəfindən inşa və ya bərpa olunan stadionlar var. Bu, təkcə AFFA-nın üzərinə düşən yük olmamalıdır. Hökümət səviyyəsində də problemlər çözülməlidir. Çünki böyük sərmayə lazımdır. Bir meydançanı tikmək o qədər ucuz başa gəlmir. İmkan yaratmaq lazımdır. Stadionların sayı çoxaldıqca, inkişaf da artacaq. Bu birmənalıdır. 

Səbuhi Həsənov