Dünya 18:51 30.05.2023

İddia edilən qiyam Rusiyada baş tuta bilərmi?

"Rusiyada inqilab baş verməyəcək. Mərkəzdən qaçma tendensiyasının inkişafı və hakimiyyət böhranı isə gözləniləndir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev politoloq Abbas Qalyamovun Rusiyada inqilabın olması ehtimalı və onun da əyalətlərdən başlayacağı barədə iddiasını şərh edərkən deyib:
 
"Rusiyanın küncə sıxışdırılaraq zəiflədilməsi prosesi güclənir, bu proses davam edərsə, əyalətlərdə mərkəzdən qaçma meylləri birmənalı şəkildə güclənəcək. Yəqin ki, bu fonda da Rusiyanın tərkibindəki türk respublikaları prosesdə fəal iştirak edəcək. Ancaq inqilabın olacağını gözləmirəm. Rusiyada hakimiyyət dəyişikliyi əsasən də yuxarıdan baş verə bilər. Son zamanlar hərbi və siyasi dairələrdə baş verən proseslər də bunun belə olacağını göstərir. Yaxud da mərkəzdənqaçma tendensiyası güclənə bilər. Rusiya bu tendensiyanın qarşısını böyük çətinliklər bahasına 30 il bundan əvvəl almağa nail olub. İndi də anoloji situasiya yetişə bilər”. 

Qeyd edək ki, Rusiyadan olan politoloq Abbas  Qalyamov tamamilə ruhdan düşmüş Putinin özü hakimiyyətini varisə təhvil verəcəyi və Rusiyada inqilabın Çin və Kubada olduğu kimi əyalətlərdən başlaya biləcəyi iddiası ilə çıxış edib. O, ötən həftə Belqorodda yerli partizanların uğurlu reydini buna nümunə olaraq göstərib. 

Rüfət Sultan