Sənət 15:06 16.05.2023

İki ittifaq birləşir: "7 ildə dövlətdən aldığı maaşı geri qaytarsın"

"Kinematoqrafçılar İttifaqının üzvləri mədəniyyət naziri Adil Kərimliyə müraciət edəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov (Şeyx Əbdül) deyib. Onun sözlərinə görə, müraciətin məqsədi qurultay çağıraraq, iki ittifaqın -Xalq artisti Şəfiqə Məmmədova və Rasim Balayevin rəhbərlik etdikləri ittifaqların birləşdirilməsidir:

"Yaxın zamanlarda ittifaqlar birləşəcək və bir ittifaq yaranacaq. Bir yerdə qurultay çağırılacaq. Bu tək nazirin istəyi deyil, kino xadimlərinin tələbidir. Anoloqu olmayan, gülüş hədəfi olan ikili ittifaq məsələsi tarixə qovuşacaq. Kino xadimləri kimi istəyəcək, onu da sədr seçəcək. 7 ildir qurultay keçirilmir, nizamnamə və onun tələbləri var. Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunandan sonra ona büdcə ayırır. Bu nizamnamə sədrə 5 il səlahiyyət verir. 7 ildir ki, Şəfiqə Məmmədova qeyri-qanuni oturub orda, özü üçün kef edir. İttifaqı da edib xüsusi maqazin, sex...”.

Əbdül Mahmudbəyov hesab edir ki, Şəfiqə Məmmədova 7 ildə dövlətdən aldığı maaşı geri qaytarmalıdır:

"Azərbaycanın bir kinosu olduğu kimi, ittifaqı da eyni olmalıdır. Dölət niyə onlara ayrı-ayrı pul verməlidir? Həmin pula film çəkərik də. Onlar orda kef edir. İttifaqın sədri də rejissor olur. Artistin ittifaqa aidiyyatı yoxdur. Artist filmə çəkilir və rədd olub gedir. Bu məsələni ittifaq üzvləri tələb edir, sədr də səsvermə yolu ilə keçirilməlidir. Artist gedib obrazını oynasın. Ora ayrılan dövlət büdcəsini verək kinostudiyaya film çəksinlər. Kimlərsə maşına minib-düşür, uşağı üçün bazar açır, kino adına kef edir. Niyə? Getsin kefini evində yaşasın”.

Bahar Rüstəmli