Azər Rəşidoğlu
Siyasət 15:24 18.10.2022

İki qonşu və təhlükəli dövlətin çəmbərində: Azərbaycan nə etməlidir? (TƏHLİL)

Azərbaycan müstəqilliyini bərpa edən gündən yaxın və böyük qonşuları olan Rusiya və İranın təzyiqləri ilə üzləşib. Moskva və Tehran müstəqil Azərbaycan ideyasını qəbul etməyiblər. Rusiya keçmiş müstəmləkəsinin Qərbə inteqrasiyasını narahatlıqla izləyib, İran isə Cənubi Azərbaycan amilinin qabardıla biləcəyindən ehtiyat edib. 

Eyni zamanda İslam Respublikası Xəzər dənizində və öz sərhədlərində Türkiyə (və yaxud NATO) qoşunlarının peyda olacağını anladığına görə Bakını ram etməyə çalışıb. Moskva və Tehran dəfələrlə Azərbaycanda sabitliyi pozmağa çalışıb. Nə Moskva, nə də ki Tehran haçansa Azərbaycanın müttəfiqi olacaq. Lakin hər iki ölkə Azərbaycanın yaxın qonşusudur. Azərbaycan təkbaşına Rusiya və İranla savaşmaq kimi cəlbedici, lakin riskli perspektivli bir işə girişə bilməz. Bakı Cənubi Qafqazda Avropa və Rusiya ilə İranın maraqlarının toqquşmasından narahatdır. Bölgədə və dünyada cərəyan edən proseslər fonunda Bakı qarşıdurmalardan uzaq qalmaq yolunu seçib. Azərbaycan hər iki ölkədə sabitliyin olmasında maraqlıdır. Bu baxımdan, İranda cərəyan edən proseslər və Rusiyanın Ukraynaya hücumu Bakını da narahat edir. Azərbaycan qarşıdurmaya hər hansı bir formada cəlb edilə biləcəyindən ehtiyat edir.

Enerji sahəsində müştərək planlar

Tehran rejiminin aqressiyasına baxmayaraq, Azərbaycan İran üçün önəmli partnyor, tranzit ölkədir. Həm İran, həm də Azərbaycan Xəzərin statusu ilə bağlı Rusiyanın səsləndirdiyi mövqeni dəstəkləyir. Bu məsələ enerji təhlükəsizliyi məsələsi olaraq həm Tehran, həm də Bakıda müştərək maraq kimi diqqət çəkir. Analitiklərin fikrincə, təhlükəsizlik və enerji sahəsində müştərək planlar olarsa, gərginliyin arxa plana keçmək ehtimalı yüksələ bilər. Azərbaycan-İran münasibətləri hazırda olduqca gərgindir, lakin müəyyən müsbət tendensiyalar da müşahidə edilir. Şübhəsiz ki, Tehranın nüvə silahına malik olması bölgə üçün təhlükədir. 

Nüvə istiqamətində tədqiqatların dayandırılması isə həm İranın aqressivliyinin qarşısını ala, həm də onu Avropa, Rusiya və Çinlə əməkdaşlığa açıq saxlaya bilərdi. Daxili təlatümlərdən xilas ola bilsə, Tehran bu məsələdə güzəştlərə getməli olacaq. Əgər daxili problemlər idarəolunmaz xaos şəklini alsa, Tehran üçün xarici düşmən amili lazım olacaq və ilk ağla gələn düşmən qismində Azərbaycan seçilə bilər. Bakıya İranla açıq qarşıdurma lazım deyil. Azərbaycan özü iştirak etmədən mollakratiyanın zəifləməsində maraqlıdır. Lakin milyonlarla soydaşının yaşadığı ölkədə qanlı hadisələr, müharibə milyonlarla qaçqın deməkdir. Cənublu soydaşların üz tutacağı ilk ölkə Azərbaycandır. Bakı buna hazırdırmı? Ritorik sualdır...

Azərbaycan Rusiya ilə təkbaşına buraxıla bilərmi?

Rusiyanın Cənubi Qafqazda mövcudluğu Orta Asiya ilə bağlı yeni strateji plana malik olan ABŞ üçün də yolverilməzdir. ABŞ və Rusiya üçün Cənubi Qafqaz mühüm rol oynamaqda davam edir. Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, burada Rusiya hərbi bazaları yerləşir və bu amil Amerikaya qarşı planın tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Bu baxımdan ABŞ Rusiyanın təcrid olunması üçün Türkiyə-Ermənistan yaxınlaşmasının zəruriliyini anlayır və bu həssas məsələdə Qarabağ sülh sazişinin oynaya biləcəyi rolu nəzərə alır. 

Bəzi məlumatlara görə, Ankara Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi təklifi üzərində işləyir. ABŞ siyasətçiləri də dərk edirlər ki, Türkiyə bölgədə sülh, beynəlxalq təhlükəsizlik sahəsində müsbət rol oynaya bilər. Lakin ABŞ siyasəti bölgəyə NATO hərbi bazalarının yerləşdirmək arzusundadır. Bu, Rusiya və İrana qarşı Azərbaycanın qoyulması demək olardı. Odur ki, rəsmi Bakı bu kimi çağırışlara ehtiyatla yanaşmağa üstünlük verir. Ukrayna böhranı fonunda bu məsələ olduqca risklidir. 

ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti Türkiyə və Azərbaycanın maraqlarına tam cavab vermir. Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün İrəvanı himayə edə bilərlər. Odur ki, Ankara və Bakı bu siyasətdə öz oyunlarını oynamağa cəhd göstərə bilər. Bakı Rusiya ilə açıq qarşıdurmaya getsə, təklənə bilər. Hətta bu məsələdə Türkiyənin dəstəyi yetərincə olmaya bilər. Odur ki, Azərbaycan Rusiya ilə açıq qarşıdurma yolunu seçmək istəmir.

"Böyük Orta Şərq” və "Kürdüstan” layihələri

Qərb mətbuatı Yaxın Şərqdəki bir çox müsəlman ölkələrinin sərhədlərinin dəyişdirilməsi ilə bağlı Vaşinqtonun planları barədə dəfələrlə yazıb. "Böyük Orta Şərq” adlanan bu layihə Türkiyənin də maraqlarına zərbə vura bilər. Söhbət eyni zamanda, Türkiyə ərazilərinin bir hissəsini də əhatə edəcək - hazırda xəyali olan "Kürdüstan” dövlətinin yaradılması layihəsindən gedir. Nəzərə alaq ki, İranda da əsas etirazlar məhz kürdlərin yaşadığı bölgələrdə baş verir. İranda "kürd kartı”nın oynadılması Azərbaycanın maraqlarına cavab vermir. Ümumiyyətlə, Birləşmiş Ştatların bölgə ilə bağlı öz planları mövcuddur. 

"Kürdüstan” planı Tehran, Ankara və Bakının maraqlarına ciddi təhdiddir. Bakı bütün addımlarını Ankara ilə uzlaşdırır. Lakin Ankara–Bakı yaxınlaşması bir çoxlarının qıcığına səbəb olur. Digər tərəfdən, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı bölgədəki siyasi proseslərdə mühüm rol oynaya bilər. Bir sözlə, bölgədə yeni siyasi şahmat partiyasında uğurlu mittelşpil mərhələsi başlayır. Ankara və Bakı bu oyunda əlverişli mövqelər tutmağa səy göstərirlər. Bu baxımdan, Azərbaycanın Türkiyə ilə yaxınlaşması hər iki tərəf üçün bir xilas kəməri kimi dəyərləndirilə bilər. Lakin Türkiyəni parçalamaq və Ərdoğanı devirmək istəyən qüvvələr qardaş ölkədəki seçkilər zamanı fəallaşa bilərlər. Türkiyədə istənilən qarşıdurma Azərbaycanı da çətin vəziyyətə sala bilər.

İlham Əliyev: "Kim istəyir qoşulsun, kim istəmir, özü bilər" 

Azərbaycan-İran gərginliyi ən iri nəqliyyat layihəsinə təsirsiz ötüşməyib. İranın şimalında təlimlər  keçirilərkən, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin təşəbbüsü ilə irəli sürülən və İranla Gürcüstanın iştirakını da nəzərdə tutan "Altılıq" platforması üçün "Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan" dördlüyünün kifayət etdiyini bildirmişdi. Prezident Əliyev açıq bəyan eləmişdi: "Kim istəyir qoşulsun, kim istəmir, özü bilər". 

Bakı Tehrana onu nümayiş etdirdi ki, Azərbaycan əsas oyunçulardan biridir və İran aqressiyasını dayandırmasa, beynəlxalq layihələrə çıxışı bağlanacaq. Lakin İran aqressiyasını davam etdirir. Azərbaycanın və İranın son bəyanatları kifayət qədər sərt səslənir. Hazırda bölgəni silkələyən ritorikaya rəğmən, ortaq maraqlar tərəfləri eskalasiyadan çəkindirir. Tərəflər qarşılıqlı əzələ nümayişi taktikasına üstünlük versələr də, açıq qarşıdurmaya getməyəcəklərini də nümayiş etdirirlər. 

İran "şiə kartı”ndan istifadə edə bilmədi

Problemli məsələ odur ki, SSRİ dağılandan və Azərbaycan müstəqilliyini elan edəndən sonra İran xəyal qırıqlığı yaşadı. Tehran Azərbaycana İran dövlətinin Rusiya tərəfindən zorla qopardılmış şimal hissəsi kimi baxır. Ümid edirdi ki, nə vaxtsa şimal hissə geri qayıdacaq. 80 milyonluq İran on milyonluq Azərbaycanı kiçik bir tərəf müqabili hesab edir, onun gücünü hesablaya bilmir. Bütün bu illər ərzində Bakı ümid edirdi ki, İran Azərbaycana dini baxımdam təsir etməyəcək. Amma böyük şiə dövləti olan İran Azərbaycanın şiə əhalisi üçün müəyyən mənada bir mənəvi, dini mayak rolunu oynamağa başladı. Burada İranı çaşdıran əsas amil Azərbaycanın şiə cameəsinin önəmli hissəsinin türkçü və anti-İrançı olması oldu. İranın təsirində olan dini cameə olduqca kiçik qüvvə kimi çıxış etdi və ictimai rəydə onları məğlub etmək çətin olmadı.

Putin və Zelenski barışacaqmı?

Hər şey Rusiya–Ukrayna savaşının nəticəsindən asılı olacaq. Bu məsələdə tərəf tutmaq kiçik ölkələr üçün kifayət qədər risklidir. Rusiya prezidenti Putinin dünyanı nüvə silahı ilə hədələməsi ciddi problemlər yaradır. Ukrayna uğrunda mübarizədə nüvə təhlükəsi yüksək gərginlik həddinə çatıb. Vəziyyət Karib böhranından da gərgindir. Həmin vaxt nüvə təhlükəsi real idi. ABŞ nüvə silahlarının Türkiyədə, SSRİ isə Kubada yerləşdirmişdi. Hər iki tərəf bu gün də etiraf edir ki, dünya məhvedici müharibənin bir addımlığında idi. Lakin ABŞ prezidenti Con Kennedi və SSRİ baş katibi Nikita Xruşşov kompromis şəraitində bu müharibənin qarşısını ala bildi. Bu dəfə də tərəflər (Putin-Zelenski-Bayden) anlaşa bilsə, tərəf tutacağı təqdirdə Bakı çıxılmaz vəziyyətə düşə bilər.

Düzdür, "Putinsiz Rusiya” planı realdır. Lakin siyasətdə kateqorik yanaşma yolverilməzdir. Bunun əksi də ola bilər. Bu halda Bakı nə etməlidir? Bakıda anlayırlar ki, Ukrayna böhranı Kiyev və Moskva arasında danışıqlar meydanında həll edilməlidir. Bu barışığı qəlizləşdirən amil ondan ibarətdir ki, Qərb dünyası Karib böhranı zamanı belə həmrəylik nümayiş etdirməmişdi. Bu dəfə dünyanın aparıcı gücləri Rusiyanı əzmək istəyir. Lakin Qərb Rusiyanı tam yıxmaq yox, zəiflətmək fikrindədir, bu baxımdan, zəifləmiş Rusiya Azərbaycana da sərf edir. Lakin 60 il öncə olduğu kimi bu dəfə də Moskva və Vaşinqton anlaşa bilərlər. Odur ki, bu situasiyada müşahidə etmək daha az risk anlamına gəlir.

Ermənistan Rusiya və İrana düşmən olacaqmı?

Hazırda Ermənistan Qərbə meyillənir. Azərbaycan Qərb və Rusiya arasında manevr edir. İrəvanın Qərbə meyillənməsi onun əsas strateji müttəfiqləri olan Moskva və Tehranı narazı salır. Bir sözlə, Bakı üçün əlavə manevr müstəvisi açılır. Azərbaycan Rusiya və İranla mədəni-iqtisadi əməkdaşlığı artıra, bu fonda Ermənistanı "atəş xətti”nə çıxarda bilər.
 
Ötən əsrin 90-cı illərində Bakının sərt anti-İran və anti-Rusiya ritorikası ərazilərimizin 20 faizinin işğalı ilə nəticələndi. Bu gün Ermənistan bölgədə təklənir. Qərb hələ Ermənistana tam gəlməyib, Rusiya əlini çəkir, İran İrəvanın Qərbə açılmasını qıcıqla, lakin səbrlə izləyir. Diplomatik fürsətlər üçün şans yaranır. Bakı bu şansdan bəhrələnmək istəyir. Bu arada Bakı Ankara və Mərkəzi Asiya ilə əlaqələrini inkişaf etdirməklə əslində yeni paradiqma təklif edir. Diplomatiya emosionallığı sevmir. Bakı bu proseslərdən uduşla çıxmaq istəyir...

Azər Rəşidoğlu