İdman 13:38 02.06.2023

İlkin Qırtımov nədən gileyləndi? "Arada məsuliyyətimiz azalırdı" (MÜSAHİBƏ)

"Qəbələ” bu mövsüm çətinliklə də olsa Konfrans Liqasına vəsiqə qazandı. Son tura qədər "Zirə” ilə mübarizə aparan bölgə təmsilçisinin beynəlxalq yarışda oynayıb-oynamayacağı son turda dəqiqləşdi. Bununla yanaşı qarşıda komandanı "Neftçi” ilə kubokun final matçı gözləyir.

"Qəbələ”nin aparıcı futbolçularından olan İlkin Qırtımov Qaynarinfo-ya müsahibəsində həm komandasının, həm də özünün cari mövsümünü dəyərləndirib. 

- "Qəbələ”nin cari mövsümünü necə dəyərləndirərdin?

- Ən azı dördüncü pilləni tutmağı planlaşdırmışdıq. Şükür Allaha ki, dörd yerdən biri bizə qismət oldu. Hansı ki, əksər, büdcəsi bizimkindən daha çox olan komandalar həmin yerlər uğrunda mübarizə aparırdı. Bu da yəqin ki, həm rəhbərlik, həm məşqçi, həm futbolçuların sayəsində baş tutdu. Bunları nəzərə alsaq, mövsümü "Qəbələ” üçün uğurlu saymaq olar.

- Mövsüm ərzində ən çətin məqamınız hansı oldu? 

- Elə oyunumuz olmadı ki, rahat keçirək. Hətta bir çox oyunlar, hesabda 2-3 top fərqi ilə irəlidə olsaq da, bizim üçün asan keçmədi. Bütün rəqiblər mübarizə aparırdı. Gedib kimdənsə rahat şəkildə xal alıb qayıdacağıq kimi söhbətlər yox idi. Buna nümunə kimi son üç oyunumuzu göstərə bilərəm. "Turan Tovuz”, "Şamaxı”, "Kəpəz” olsun, fərq etməz. Bu oyunlar bizim üçün daha çətin idi. Bizə bir xal kifayət edirdi, daha məsuliyyətli olmaq lazım idi. Arada məsuliyyətimiz azalırdı. 

- Bir çox hesabda üstün olduğunuz oyunlarda uduzdunuz və ya heç-heçə etdiniz. Bu qeyri-sabitliyin xüsusi səbəbi vardı?

- Xüsusi səbəb yox idi. Oyundur, ola bilər ki, həmin vaxt hesabda irəlidə olduğumuz üçün arxayınlaşmışdıq. Elə oyun olub uduzduğumuz halda hesabı öz xeyrimizə dəyişə bilmişik. Normaldır, daha məsuliyyətli olmalı idik.

- "Qarabağ”la "Sabah”dan başqa digər rəqibləri güc, heyət baxımından "Qəbələ” ilə eyni səviyyəli kimi qiymətləndirmək mümkündür?

- Fikrimcə, həm büdcə, həm oyunçu sayı baxımından üstün idilər. Bunlara baxmayaraq, kollektiv oyun sayəsində yer tutduq.

- Öz oyununu necə dəyərləndirərdin?

- Şükür Allaha, geriləməmişəm. "Keşlə”yə baxanda (indiki "Şamaxı”) "Qəbələ” mənim üçün daha uğurlu, düşərli oldu.

- "Qəbələ” yeni müqavilə təklif edib? Ümumiyyətlə, klubda qalmaq, yoxsa getmək haqqında düşünürsən?

- Klubla 80 faiz razılığa gəlmişik. Bəzi məsələlər qalıb.

- Başqa klublardan təkliflər var?

- Var, ona görə də danışıqlarımızı tam bitmədiyini dedim. Klubda qalıb-qalmayacağım dəqiq bilinmir. Ancaq "Qəbələ”də qalmaq istərdim. Bu bir il ərzində klub mənə çox doğmalaşdı. Özümü rahat hiss edirəm. 

- Mövsümün yekun nəticələrinə əsasən "Şamaxı” Premyer Liqadan düşməlidir. Yerli futbolçulara üstünlük verən komanda elitadan gedərsə və yerinə başqası gələrsə, bu, nə dərəcədə maraqlı olar?

- Əlbəttə, hamı, siz də istəyərsiniz ki, komanda sayı çox və çempionat maraqlı olsun. "Şamaxı”ya dəyməyib, əlavə iki komanda gətirsələr, həm bizim, həm də futbol ictimaiyyəti üçün daha maraqlı olar. "Şamaxı” Premyer Liqadan düşməsə yaxşı olar. Çünki potensiallı gənclər var idi. Elələri var ki, potensialnı tam açmayıb. Bəlkə gələcəkdə daha yaxşı ola bilərdilər.

- Doğulub, böyüdüyün və futbolun sirlərinə yiyələndiyin "Zaqatala”ya Premyer Liqada oynamaları üçün lisenziya verilsə də, hələ ki, komandanın hansı çempionatda oynayacağını dəqiqləşmiş saymaq olmaz. Ümumiyyətlə, son vaxtlar komandanın durumu ilə maraqlanmısan? Premyer Liqada oynaya bilərlərmi?

- Əlbəttə, dostlarım var. Məşqçiləri mənə yaxın adamlardır. Onlarla maraqlanıram. Bildiyimə görə, sənədləri hazırlamağı tapşırmışdılar. "Şamaxı” kimi "Zaqatala”da da yeni gənclər tapmaq olar. Yəqin ki, futbolçu toplayarlar və bir neçə legioner cəlb edərlər. Məncə, pis olmaz, çempionata maraq qatar.

- "Zaqatala” Premyer Liqaya gəlsə və sənə təklif göndərsə, qəbul edərsən?

- Hər şey mümkündür.

- Qarşıdan "Neftçi” ilə kubokun final matçı gəlir. Bu oyunla bağlı nə düşünürsən?

- Konfrans Liqasına vəsiqəni təmin etdiyimiz üçün final matçına daha rahat çıxacağıq. Bu da bizim üçün əlavə üstünlükdür. Çünki stres altında olmayacağıq. Belədə oyun da yaxşı alınır və çəkinmirsən. Əlimizdən gələni edəcəyik. Hər komandaya final oynamaq qismət olmur. Belə fürsətlərdən maksimum istifadə etmək lazımdır ki, tarixə yazılsın.

- "Neftçi” titul qazanmaq istəyir. "Qəbələ” isə avrokuboklara vəsiqəni təmin edib. Bu mənada arxayınlıq yarana və komandanın oyununa təsir edə bilər?

- Təbii ki, meydançaya gəzmək üçün çıxmayacağıq. Fikrimcə, bu məqam oyunumuza müsbət təsir edə bilər. "Neftçi” kimi biz də kuboku qazanmaq istəyirik. Onların azarkeşlərini anlayıram. Ona görə də "Neftçi”nin daha çox stres altında oynayacağını və bunun bizə köməyi dəyə biləcəyini düşünürəm. 

- Mövsüm ərzində azarkeşlərin dəstəyi sizi qane etdi?

- Düzdür, oyunlarımıza gəlirlər, dəstəkləyirlər. Amma bölgə komandası olaraq daha çox azarkeş gözləyirik. Bölgələrdə azarkeş çox olur. Digər bölgələrə baxanda Qəbələdə oyunlara daha az sayda azarkeş gəlir. Gələnlər də sağ olsun, dəstəklərini əsirgəmirlər. 

- "Qəbələ”də futbol ənənəsi qoyulub, komanda avrokuboklarda çıxış edib, hətta Avroliqanın qrup mərhələsində çıxış edib. Elə isə azarkeşlərin hələ də oyunlara yetərli sayda gəlməməsini necə izah etmək mümkündür? Bəlkə komandanın oyunu ilə bağlıdır?

- Komandanın oyunu ilə əlaqəsi yoxdur. "Şamaxı” da yüksək pillələr uğrunda mübarizə aparmırdı. Amma yenə də azarkeş gəlirdi. "Kəpəz” ev oyunlarını Qəbələdə keçirirdi, buna baxmayaraq, Gəncədən azarkeşlər gəlirdi. Bizim oyunlara gələn azarkeşlərin bəs qədər dəstək verdiyini deyə bilərəm. Amma daha çoxunu gözləyirik.

Səbuhi Həsənov