Dünya 17:46 02.07.2023

Şimali Amerikanın 4 böyük şəhəri hava çirkliliyinə görə "5-liyə" daxil oldu

Kanadada davam edən genişmiqyaslı meşə yanğınları səbəbindən Kanada və ABŞ-ın Şərq sahilində yerləşən şəhərlərdə yüksək səviyyəli hava çirkliliyi qalmaqdadır. 

Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, havanın keyfiyyətinə real vaxt rejimində nəzarət edən IQAir xidmətinin məlumatına görə, keçən həftənin sonunda Şimali Amerikanın 4 şəhəri eyni anda dünyanın ən çirkli havası olan ilk 5 şəhəri sırasına daxil olub.

Ən ağır zərbə Nyu Yorka dəyib. Burada havanın çirklənmə indeksi 162-yə çatıb. Qeyd edək ki, çirklənmə indeksi 150-yə çatanda hava qeyri-sağlam hesab olunur. 

Nyu-Yorkdan daha pis hava yalnız Cakartada qeydə alınlb. Bu şəhər tez-tez havanın ən çirkli olduğu şəhərlər siyahısına liderlik edir və müntəzəm olaraq dumandan əziyyət çəkir. 

3-4-cü yerlərdə çirklənmə indeksləri müvafiq olaraq 155 və 153 olan Toronto ilə Monreal yer alıb. İlk "5-liy"i Vaşinqton şəhəri tamamlayıb. Burada indeks 122 olub və çirklənmə səviyyəsi bu kimi amillərə həssas olan insanların sağlamlığı üçün zərərli hesab edilir.

Kanadada ilk dəfə bu ilin martında başlayan meşə yanğınları iyunda pik həddə çatıb və ötən ayın sonunda 1989-cu ildən bəri ən böyük yanğın kimi qeydə alınıb. Bu günə qədər 8 milyon hektardan çox meşə yanğınlar nəticəsində məhv olub, 500-ə yaxın aktiv yanğın ocağı var. 

İyunun əvvəlində yanğınların tüstüsü Şimali Amerikanın Şərq sahilləri boyunca cənuba doğru hərəkət etməyə başlayıb. IQAir Nyu-York şəhərini dünyanın bir nömrəli hava çirkliliyi məkanı kimi qiymətləndirib. Şəhərin havasında atmosfer çirkləndiricilərinin konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sağlamlıq üçün təhlükəsiz hesab etdiyi səviyyədən 22 dəfə yüksək olub.

Aydın