Dünya 09:08 13.07.2023

Şimali Avropa ölkələri G7-nin Ukrayna üçün təhlükəsizlik təminatlarına qoşulacaq - BƏYANAT

Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç Ukraynanın təhlükəsizliyinə zəmanət məsələsində G7 ölkələrinə qoşulacaqlar. Söhbət hərbi texnikanın verilməsindən, hərbi hazırlıqdan və maliyyə dəstəyindən gedir.

Qaynarinfo xəbər verir ki, Şimali Avropa ölkələri müvafiq bəyanat qəbul ediblər.

"Tərəfdaşlarla birlikdə müasir hərbi texnika ilə təminatdan tutmuş ordunun təlimi və dözümlülüyün dəstəklənməsi təşəbbüslərinə qədər geniş spektrli ehtiyacları nəzərə alaraq öhdəliklər və sazişlər çərçivəsini hazırlamaq niyyətindəyik”, deyə bəyanatda bildirilir.

Həmçinin, Şimali Avropa ölkələri Ukraynanın uzunmüddətli təhlükəsizliyinə töhfə vermək, Rusiyanın gələcək təcavüzünün qarşısını almaq, Ukraynanın iqtisadi sabitliyini və dayanıqlığını gücləndirmək, Kiyevin təcili ehtiyaclarını ödəmək üçün texniki və maliyyə dəstəyi göstərmək niyyətindədir:

"Biz bu işi gecikdirmədən davam etdirəcəyik. Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etdiyi, iqtisadiyyatını yenidən qurduğu, vətəndaşlarını müdafiə etdiyi və Avro-Atlantik birliyə inteqrasiyaya can atdığı üçün islahat gündəmini irəli sürdüyü üçün ona dəstək verməyi öhdəmizə götürürük".

Qeyd edək ki, bundan əvvəl G7 ölkələri Ukraynanın təhlükəsizliyi, xüsusən də silah tədarükü ilə bağlı uzunmüddətli öhdəliklərini elan ediblər. Bu plan Kiyevə "özünü müdafiə etməyə və gələcək təcavüzlərin qarşısını almağa qadir ordu qurmağa” kömək etmək məqsədi daşıyır.

Öhdəliklərə "quruda, havada və dənizdə ən müasir hərbi texnikanın çatdırılması, Ukrayna qüvvələrinin təlimi, kəşfiyyat məlumatlarının mübadiləsi və kibermüdafiə yardımı daxildir.

Bunun müqabilində Kiyev xüsusilə məhkəmə sistemində və orduya mülki nəzarət sahəsində islahatlar aparmağı öhdəsinə götürəcək.

Nizami Bağırov