Dünya 23:41 07.12.2023

İmperiyalar ən çox hansı yaşda "ölür"? - Maraqlı araşdırma

Yaş artdıqca insanın səhhəti pisləşir və son nəticədə onun ölümünə səbəb ola bilər. 

Qaynarinfo-nun PNAS-a istinadən məlumatına görə, Vaqeninqen (Hollandiya), Kembric, Ekseter (Böyük Britaniya) və Vaşinqton (ABŞ) universitetlərindən olan beynəlxalq alimlər qrupu belə qənaətə gəlib ki, oxşar hadisə təkcə fərdlərdə deyil, bütün cəmiyyətlərdə də baş verə bilər.

Beləliklə, alimlər dövlətlərin dünya xəritəsindən yox olmaq təhlükəsi ilə üzləşdiyi təhlükəli yaşını aşkar ediblər. Niyə bir çox güclü imperiyalar yaranır və sonra qəfil dağılır? İmperiyaların və ya ayrı-ayrı icmaların dağılması prosesində və dövlətlərin dağılmaya xüsusilə həssas olduğu zamanlar hansısa qanunauyğunluq varmı?

Alimlər hesab edirlər ki, bir çox səbəblər var - quraqlıq və zəlzələdən tutmuş uzun müharibələrə qədər, lakin bunların heç də hamısı tarixçiləri qane etmir. Bəzən dövlətin ölümü üçün heç bir obyektiv səbəblər görünmür.

"Biz tez-tez quraqlıq və digər təbii və ya texnogen fəlakətlər kimi xarici amillərə diqqət yetiririk. Onlar cəmiyyətlərin və ölkələrin məhvinə təsir göstərə bilər, lakin çox vaxt onlar sadəcə olaraq müəyyən dövlətin daxili dinamikası ilə əlaqədar hərəkət edən tətiklər kimi çıxış edirlər", deyə tədqiqatın müəlliflərindən biri olan Vaşinqton Dövlət Universitetinin professoru Tim Kohler qeyd edib.

Alimlər 324 qədim dövlətin 5 minillik tarixini təhlil ediblər. Adətən, bu yanaşma insanların ölüm riskini öyrənmək üçün istifadə olunur, lakin alimlərin fikrincə, heç kim konkret cəmiyyətin ölüm ehtimalını nəzərə almağa cəhd etməyib. Müəyyən edilib ki, insan orqanizmlərinə bənzətməklə, dövlətlərin təşəkkülündən sonra ilk iki əsrdə onların ölüm riski kəskin şəkildə artır, sonra isə azalır. Bu da bəzi cəmiyyətlərin digərlərindən xeyli uzun müddət mövcud olmasına imkan verir.

Bu qanunauyğunluq bütün dünya üçün xarakterikdir - müasir dövrün Avropa cəmiyyətlərindən tutmuş Şimali və Cənubi Amerikanın ilk sivilizasiyalarına, eləcə də Çin sülalələrinə qədər. Məsələn, Çinin qədim sülalələri son iki minillik ərzində təxminən 300 il yaşayıb.

Müasir cəmiyyətlər qədimlərdən əhəmiyyətli dərəcədə fərqlənsə də, tədqiqatçılar əsrlər boyu dövlətlərin həm yüksəlişinə, həm də çökməsinə səbəb olan mexanizmlərə qarşı immun olduğunu güman etmək üçün heç bir əsas olmadığını düşünürlər. Axı, sosial ədalətsizlik, qıtlıq, ekstremal iqlim çağırışları kimi qədim cəmiyyətləri sabitliyi pozan eyni proseslər bizim dövrümüzdə hələ də narazılıq yarada və zorakılığa səbəb ola bilər.

Aydın