Sənət 20:37 03.06.2023

İnsanın içindəki “mən”lərin romanı - “Uzaq adamlar” nəşr olundu

Yazıçı Hədiyyə Şəfaqətin "Uzaq adamlar” romanı "Qanun” nəşriyyatında çapdan çıxıb.
 
Qaynarinfo xəbər verir ki, "Uzaq adamlar” romanı insanın mənəvi dünyasını ekzistensial, sosial, psixoloji, altşüur səviyyələrdə mətnə gətirmək baxımından fərqli mətndir. 

İnsanın içindəki "mən!” Əsər bu "mən”lərin romanıdır. Roman kişi və qadın münasibətlərinə fərqli baxış bucağı sərgiləyir, mürəkkəb insan təbiətinin gözlənilməz, qaranlıq tərəflərini üzə çıxardır. Müəllif qəhrəmanların təhtəlşüurundan material kimi yararlanır.

"Biz kimik? Haradan gəlmişik, hara gedirik? Niyə varıq, məqsədimiz, məramımız adiliyə nə qədər yaxın, mücərrədlikdən nə qədər uzaqdır? Həyatın ən sadə sualları qarşısında özümüzü başqa haralardasa axtarır, haralardasa tapırıqmı? Adama elə gəlir, bu suallar heç vaxt "Uzaq adamlar”ın qəhrəmanlarından heç birini ciddi şəkildə maraqlandırmayıb. Oxucu da şaxələnmiş tale variantlardan hansının ardınca düşüb getməli olduğunu bilmir və bilməsi də vacib deyil. İnsan həyatı boyu ancaq bir tale yaşayır, amma digər tərəfdən hərəsi öz taleyini yaşayan adamlar özümüzüksə, necə?

Hər şey çox xaotik, çox mürəkkəb görünür. Lakin narahat olmağa dəyməz, roman oxucusunu bütün paralellərin ya başlanğıcda, ya sonda – reallıqla qeyri-reallığın bir-birinə qarışdığı dünyada birləşdiyi nöqtəyə aparıb çıxardacaq...” – kitabın annotasiyasında belə deyilir.
Qeyd edək ki, romanın II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində təqdim olunması gözlənilir.