Ekonomiks 13:25 21.02.2024

İqtisadi əlaqələr yeni müstəvidə: Türkiyə Azərbaycana külli miqdarda yatırımlar qoyacaq

"Yaxın zamanlarda iki ölkə arasında ticarət dövriyyəsi və qarşılıqlı kapital qoyuluşlarının kəskin artımının şahidi olacağıq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanla Türkiyə arasında iqtisadi müstəvidə daha dərin inteqrasiyanın mümkünlüyündən danışarkən deyib.

Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin çox sürətlə inkişaf etdiyinin şahidiyik:

"Həm investisiya, həm də ticarət dövriyyəsi məsələsində yüksək hədəflər var. İki qardaş ölkə arasında ticarət dövriyyəsini yaxın illərdə 15 milyard dollara çatdırmaq nəzərdə tutulub. İşlər də məhz bu istiqamətdə gedir. Türkiyə investisiyasının Azərbaycana cəlbi istiqamətində də həcm baxımından kifayət qədər mühüm işlər görülüb".
 


Ekspert düşünür ki, yaxın zamanlarda daha çox Türkiyə investorunu Azərbaycan bazarında görəcəyik:

"Azərbaycan da Türkiyədə ən böyük investorlardan biridir. SOCAR şirkətinin bu ölkədə böyük yatırımları var. Eyni qaydada Türkiyə şirkətləri də Azərbaycana külli miqdarda yatırımlar qoymağa hazırlaşır. Bu barədə ilkin razılaşmalar da mövcuddur. Yaxın zamanlarda ticarət dövriyyəsi və qarşılıqlı kapital qoyuluşlarının kəskin artımının şahidi olacağıq". 

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələr güclənir. Bu gün Azərbaycanla Türkiyənin ticarət  dövriyyəsi rekord həddədir, 7,5 milyard dollara çatıb. Yaxın gələcəkdə bu həcmin 15 milyard dollara  çatdırılması hədəflənib. 

Rüfət Sultan