Hüseynbala Səlimov
Dünya 09:16 24.10.2022

“İran baharı” realdırmı?..

Əgər səhv etmiriksə, qonşu İranda siyasi etirazlar bir aydan artıqdır ki, davam edir. Nə insanların qəzəbi soyuyur, nə də hakimiyyətin tərsliyi azalır və müxtəlif intensivliklə olsa da, demək olar ki, insanlar hər gün küçə və meydanalara çıxırlar. Siyasi müşahidəçilər prosesləri ciddi şəkildə izləməkdə davam edirlər. Ümumi rəy budur ki, bu etirazlar İran üçün nəticəsiz olmayacaq, çünki insanlar qorxmadan-çəkinmədən İslam İnqilabının təməl prinsiplərinə qarşı çıxır, rejimin liderlərini nəinki tənqid edir, hətta onların portretlərini də yandırırlar.

Yaddaşımız aldatmırsa, bu, İslam İnqilabının tarixində ən uzunmüddətli və davamlı etirazlardır. Başqa cür ola da bilməz, insanlar qırx illik rejimin əlindən beziblər. "İslahatçı” adlandırılan prezidentlərdən biri demişdi ki, heç bir ideya azadlıqla rəqabətə girə bilməz. Təsadüfi deyil ki, siyasi müşahidəçilər ilk gündən İrandakı son etirazları azadlıq uğrunda mübarizə adlandırdılar. Artıq siyasi rejimin pərdəsi yırtılıb, daha onun çatımazlıqlarını ört-basdır etmək mümkün görünmür. Daha nəinki dünya ölkələri, hətta İranın öz əhalisi islahatçılar-mühafizəkarlar kimi yalanlara inanmırlar. İnsanlar qırx il İran rejimindən əsl islahatlar gözlədilər, amma olmadı. Ona görə olmadı ki, prezidentliyə namizədlərin hamısı ruhani elitasının süzgəcindən keçir və burada təsadüfi adamın, islam rejiminə müxalif olan insanın prezident seçilməsi mümkün deyil...

Biz ABŞ-ı və yaxud da ki, Avropanı ideallaşdırmaq fikrindən çox uzağıq, amma nə qədər bütün dünya ilə düşmənçilik etmək olar? Nə qədər rejimin "islam həmrəyliyi” pərdəsi altında gizlənən məkrli planlarına dözmək olar? Bir nüçə il bundan əvvəl baş verən etirazlarda insanlar açıq şəkildə deyirdilər ki, bizi Fələstinin problemləri yox, öz problemlərimiz maraqlandırır. Əslində İran rejimini də Fələstinin problemləri yox, bu müstəvidəki siyasi radikallar maraqlandırır, hansılar ki, Fələstin probleminin həlli üçün əngəldən başqa bir şey deyillər.

Təəssüf ki, bir neçə il bundan əvvəlki siyasi etirazlar davamlı olmadı. Elə indiki etirazlar da suallar doğurur. Məsələ bundadır ki, bir aydan çox vaxt keçsə də, etirazlar xaotik xarakter daşıyır, onlar institusional forma almır, etirazların önündə konkret təşkilatlar görünmür. Bu çox düşündürücü məqamdır. Əxlaq polisi tərəfindən öldürüldüyü iddia olunan gənc qız milliyyətcə kürd olub və bu məqam etiraz aksiyalarına bir qədər milli çalarlar verir. Məhz bunun nəticəsidir ki, İran rejimi tələm-tələsik güclü və bütöv İran çətiri altında təlimlər keçirir. Rejimin ideoloq və strateqlərini başa düşmək olar. Onları ən çox qorxudan proseslərin milli xarakter ala bilməsidir. Bunun üşün xeyli zəmin var. İranda ən müxtəlif millətlər - türklər, kürdlər və digərləri rejimin təzyiqi altındadır. Məsələn, hakimiyyətə gələn yeni prezidentlər ölkədə Azərbaycan türklərinin mədəni hüquqlarının genişləndirəcəklərini vəd edirlər, amma bunlar söz olaraq qalır. 40 milyona yaxın Azərbaycan türkü elementar siyasi və mədəni hüquqlardan məhrumdurlar, onların öz dilində təhsil almaq hüququ belə yoxdur. Ona görə də İrandakı Azərbaycan türklərindən çox şey asılıdır. Burada belə bir deyim var: Təbriz qalxmayınca, İranda heç nə mümkün deyil...

Hüseynbala Səlimov