Hüseynbala Səlimov
Dünya 09:42 27.09.2022

İranda siyasi rejim mülayimləşə bilərmi?

Son günlərdə diqqətdə olan proseslərdən biri də qonşu İrandakı siyasi hadisələrdir. Qeyd edək ki, son illərdə İranda siyasi etirazlar adi bir hal alıb - insanlar müxtəlif motivlərdən küçə və meydanlara axışır, mövcud rejimin siyasətinə öz etirazlarını bildirirlər.

Amma son hadisələr bir qədər fərqli olmağı vəd edir. Siyasi müşahidəçilər artıq indidən bu hadisələri azadlıq mübarizəsi kimi səciyyələndirirlər. Bəli, gənc bir qızın ölümünə etirazdan başlayan bu hadisələr rejimin ən əsas dayaqlarını laxlatmaqdadır. Sual olunur: onların real nəticəsi ola, İrandakı siyasi rejim mülayimləşə bilərmi? Bəri başdan deyək, nə qədər ki, ruhanilər hakimiyyətdədir, bu, baş verməyəcək.

İran inqilabından qırx ildən artıq vaxt keçib. Bu müddət ərzində İran cəmiyyəti də, dünya əhli də çox illüziyalara qapılıb. Dünya da, İranın öz cəmiyyəti də belə bir məqamla aldadılıb ki, guya ruhani elitası arasında islahatçılar və liberallar da var. Amma bu qırx ildə biz onları görmədik, - hərçənd, qırx il ərzində bu cür adlanan hakimiyyətlər olmuşdu. Amma onların hamısı müddətini başa vuranda bir söz deyirdi: "Biz İran rejimini zəiflətməyə yox, gücləndirməyə gəlmişdik”...

Ona görə də son proseslərin necə bitəcəyini demək çətindir. Bu qırx ildən artıq vaxt ərzində ruhani siyasi elitası ölkəyə heç nə vermədi, onu cəmi dünya ilə qarşı-qarşıya qoydu, ölkədə feodal qaydalar tətbiq etdi. İnsanlar artıq başa düşürlər ki, ruhanilərdən bir şey gözləməyə dəyməz – axı nə qədər bütün dünya ilə düşmənçilik etmək olar?..

Bunlar bu illər ərzində guya nüvə silahı əldə etməyə çalışıblar. Amma Rusiyanın hərəkətlərini izləyəndə adam bundan əməlli–başlı ehtiyat etməyə başlayır. Əgər Putin dünyanı nüvə silahı ilə hədələyirsə, təminat varmı ki, bunu nə vaxtsa İran rejimi etməyəcək?

Azərbaycan daim İrana və onun rejiminə qarşı neytrallıq nümayiş etdirib, ona yaxın və mühüm qonşu kimi yanaşıb. Amma bu, İrana təsir etməyib– biz daim İrandan təhdidlər eşitmişik.

İranın ucbatından İsrail ilə simmetrik diplomatik münasibətlər qura bilmirik, bizim İsraildə hələ də səfirliyimiz yoxdur. Tehran az qala, Bakını bu regionda ABŞ-ın satelliti hesab edir, halbuki belə bir şey yoxdur və biz buna son həftələrdə, Ermənistan növbəti hərbi təxribata başlayandan sonra bir daha əmin olduq.

Bakı ilə Tehran arasındakı münasibətlərə son vaxtlarda daha bir problem əlavə olunub – İran əməlli-başlı Zəngəzur dəhlizinə etiraz edir. Bu günlərdə Tehran bəyan etdi ki, bu məsələ onun üçün guya qırmızı xətdir. Biz İranın Ermənistanla sərhədi üzərində bu qədər əsdiyini başa düşməyə çalışırıq. Amma maraqlıdır, görəsən, Azərbaycan sərhədlərinin bir hissəsi Ermənistanın nəzarətinə keçəndə niyə görə Tehran bundan əndişələnmirdi, buna qarşı belə kəskin etiraz etmirdi?

Bir daha deyirik ki, İran Azərbaycan üçün əsl ərköyün qonşuya çevrilib. Həm də təkcə dünya yox, elə İran cəmiyyəti özü də bezib ölkələrinin siyasətindən. Ona görə də bir görək, nə olur, son hadisələr nə ilə bitir?..

Hüseynbala Səlimov