Siyasət 15:48 19.06.2023

"İranın qeyri-adekvat mövqeyi Ərdoğanın bu açıqlamasına səbəb olub" - Ekspert

"Ərdoğan bu açıqlaması ilə Zəngəzur dəhlizilə bağlı İranın qeyri-adekvat davranış sərgilədiyini dilə gətirib. O bununla bildirib ki, Tehranın mövqeyi Cənubi Qafqazda sülh və əməkdaşlığa sadiq olan ölkələrin marağına ziddir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Zəngəzur dəhlizi məsələsində problem Ermənistandan yox, İrandan qaynaqlanır” fikrini şərh edərkən deyib. 

"44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi reallığın İran tərəfindən qəbul edilmədiyi və ona heç bir diplomatik etikaya sığmayacaq şəkildə müqavimət göstərdiyinin şahidiyik. İran rəsmiləri, mediası və analitiklərinin bu məsələyə dəfələrlə qeyri-obyektiv münasibət göstərdiklərini gördük. Gəldiyimiz nəticə ondan ibarətdir ki, Zəngəzur dəhlizi məsələsində Tehran son dərəcədə qeyri-obyektiv münasibət göstərir. Türkiyə prezidenti də haqlı olaraq həmin məsələyə toxunub", deyə şərhçi bildirib.



Vüqar Zifəroğlu qeyd edib ki, 44 günlük müharibədən sonra Bakı və Ankara tərəfindən təklif olunan 3+3 formatı regionumuza ciddi iqtisadi dividentlər gətirə bilər:

"44 günlük müharibədən sonra Bakı və Ankara tərəfindən bölgənin inkişafına xidmət edəcək 3+3 formatı təklif edildi. Bu format regionumuza ciddi iqtisadi dividentlər gətirə bilər. Amma nədənsə İran dəfələrlə bu yanaşmanın da əleyhinə çıxıb. Tehran Ermənistanın sərhədlərilə bağlı açıq bəyanatlar səsləndirib. Halbuki, Azərbaycan heç zaman heç bir ölkəyə ərazi iddiası ilə çıxış etməyib. İran həmçinin, müxtəlif formalarda "qırmızı cizgi”lər də elan edib. Bu məqamlar isə Cənubi Qafqazda Türkiyə başda olmaqla sülh və əməkdaşlığa sadiq olan ölkələrin marağına ziddir. Türkiyə Cənubi Qafqazda inkişaf və tərəqqinin olmasında maraqlıdır. Ona görə də İranın dəhlizlə bağlı qeyri-adekvat mövqe sərgiləməsi Ərdoğanın bu formada açıqlama verməsinə səbəb olub. Ərdoğanın açıqlamasından sonra İran mediası yenə də qeyri-adekvat münasibət sərgiləyib. Bu cür yanaşmanın özü də qeyri-obyektiv yanaşmadır. 44 günlük müharibənin yaratdığı reallğı bölgədə marağı olan bütün ölkələr qəbul etməlidir".

Ekspertə görə, Ərdoğanın sözügedən açıqlaması fonunda İranın Zəngəzur dəhlizilə bağlı möqeyindən geri çəkilib-çəkilməyəcəyini zaman göstərəcək: 

"İran mediasının Ərdoğanın açıqlamasına reaksiyasını izlədiyimizdə hələ də onların qeyri-adekvat münasibət sərgilədiklərinin şahidi oluruq”.
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində Zəngəzur dəhlizi məsələsində problemin Ermənistandan yox, İrandan qaynaqlandığını bildirib. Ərdoğan deyib ki, Tehranın mövqeyi Bakını və Ankaranı məyus edir.

Rüfət Sultan