Dünya 12:12 30.11.2022

İranın terroçunu azad etdirmək planı - Belçika vətəndaşının həbsinin pərdəarxası

İranda casusluq ittihamı ilə həbs edilən Belçika vətəndaşı Olivye Vandekastelin ailə üzvləri aclıq aksiyasına başlayıb. 

Qaynarinfo İrandakı mənbələrə istinadən xəbər verir ki, Vandekastelin ailəsi onun dərhal azadlığa buraxılmasını tələb edir. Eyni zamanda onlar Vandekastelin həbsdə qeyri-insani davranışla üzləşdiyini bildirirlər.

Həmçinin bəlli olub ki, Vandekastelin özü də həbsdə aclıq aksiyası keçirir.

41 yaşlı Olivye Vandekastel Beynəlxalq Yardım xeyriyyə təşkilatının İran departamentinin keçmiş direktorudur. O, missiyasını başa vurduqdan sonra - 24 fevral 2022-ci ildə Tehrana turist səfəri zamanı həbs edilib.

Onun həbs xəbəri iyulun 5-də Belçika parlamentinin Belçika-İran arasında məhbus mübadiləsi planı ilə bağlı iclası ərəfəsində açıqlanıb.
Belçika və İran arasında məhbus mübadiləsi planında hər iki tərəfin məhkum edilmiş məhbuslarının cəzalarının qalan hissəsini öz ölkələrində çəkmək üçün qaytarılması nəzərdə tutulur.

Hazırda Belçika qanunvericiləri tərəfindən təsdiqlənən İranla məhbus mübadiləsi planı İran Xalq Mücahidləri Təşkilatının aksiyasında terror planlaşdırmaqda ittiham olunan iranlı diplomat Əsədullah Əsədinin də azad edilməsinə səbəb ola bilər.

İran hökuməti Belçikada terror cinayətinə görə 20 il azadlıqdan məhrum edilən Əsədullah Əsədinin azadlığa buraxılmasını dəfələrlə tələb edib.
Güman edilir ki, Vandekastelin həbsi də məhz Əsədullah Əsədinin azadlığa buraxılmasına nail olmaq üçündür. Vandekastel hazırda Tehrandakı "Evin” həbsxanasında saxlanılır.

Seyid