Siyasət 13:42 30.06.2022

İranla Azərbaycan arasında heç bir gərginlik yoxdur - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev Aşqabada səfəri çərçivəsində İran Prezidenti Seyid İbrahim Rəisi ilə də görüşüb. Azərbaycan Prezidenti iki ölkə arasında bir sıra məsələlərdə, xüsusən də nəqliyayt və energetika sahəsində irəliləyişlərin olduğunu deyib. İran Prezidenti isə qeyd edib ki, Aşqabad sammiti və belə platformalardan istifadə edib görüşmək münasibətlərin inkişafına kömək edir. O bildirib ki, iki ölkə arasında münasibətlərin potensialı indi olduğundan daha çoxdur. Bu əsasda da Rəisi düşünür ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha sürətlə inkişaf etdirilə bilər.

Bu görüş fonunda Bakı və Tehran arasındakı gərginlik başa çatacaqmı?
 
Qaynarinfo-ya açıqlamasında məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, İranla Azərbaycan arasında hər hansı bir gərginlik müşahidə edilmir:

"İran Azərbaycanın yaxın qonşusudur. Azərbaycan həmişə bütün ölkələr, ilk növbədə də qonşularla yaxşı münasibətlərin olmasına xüsusi önəm verib. Bu, regionda stabilliyin bərqərar olmasında, qlobal problemlərin həllində birgə səylərin göstərilməsi yolunda vacib məsələdir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin İran Prezidentilə görüşündə ilk növbədə ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib. Əlaqələrin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlıq, regionda qeyri-stabilliyin yaranmasına yol verməmək üçün birgə səylərin göstərilməsi vacib məqamlardır. İranla münasibətlər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın yaxın qonşularla yaxşı münasibət saxlaması hər zaman bütün ölkələrə, o cümlədən regiona fayda verib”. 

Deputat son dövrlərin informasiya axınına əsaslanaraq qeyd edir ki, Bakı ilə Tehran arasında hər hansı bir gərginlik mövcud deyil: 

"Təəssüf ki, bəzən İranla müəyyən anlaşılmazlıqlar yaşanır. Tərəflər narahatlıq doğuran məsələlərin həlli yolunu hər zaman birgə müzakirələr zamanı tapa bilirlər. Tək prezidentlər səviyyəsində deyil, eyni zamanda müxtəlif səlahiyyət sahibləri də tez-tez görüşür. Qarşılıqlı səfərlər zamanı  birgə layihələr müzakirə edilir. Yəni, Azərbaycanla İran həmişə bir-birilə maraq doğuran məsələlərdə anlaşa bilirləri”. 

Rüfət Sultan