Siyasət 18:52 10.10.2022

İrəvanın meydanlarında Putinin şəkillərini kim asır? (ŞƏRH)

"Telegram" kanallarının məlumatına görə, Rusiya prezidenti Vladmir Putinin İrəvan şəhərində Kiyev körpüsü fonunda böyük portreti asılıb. Portretdə "Biz Rusiya ilə birgəyik” sözləri yazılıb. Maraqlıdır ki, Putinin ad günü ərəfəsində anoloji portret Xankəndinin girişində də asılmışdı. 

Qeyd edək ki, Putinin ad günündə Krım körpüsündə partlayış baş verib. Partlayışı törədənlərin hələlik kim olduğu bəlli olmasa da, versiyalara görə, körpünün dağıdılması Kiyevin Putinə ad günü hədiyyəsi olub. Belə bir vəziyyətdə, İrəvandakı Kiyev körpüsündə Putinin iri bir portreti asılması təsadüfi sayıla bilməz.

Bu addım nə deməkdir, hansı anlama gəlir? 
 
Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri həmin portret məsələsinin Paşinyan hakimiyyətinə heç bir aydiyyatının olmadığını deyir:



"Düşünmürəm ki, Putinin portretinin asılması Ermənistan hökumətinin işidir. Çünki bu, Ermənistanın hazırkı maraqlarına cavab vermir. Ermənistan tədricən Rusiyadan uzaqlaşaraq tamamilə Qərbə inteqrasiya xəttini götürüb. Belə olan təqdirə hökumət Kiyev körpüsündə Putinin portretinin asılması təxribatının Qərbin xoşuna gəlməyəcəyini bilməmiş deyil. Bu, Ermənistandakı Rusiyayönümlü "5-ci kolon”un işidir. Onlar bu addımla Rusiyaya dəstək verməklə yanaşı, həm də onun dəstəyini qazanmaq istəyirlər”. 

Həmsöhbətimizə görə, bu addım həm də Ermənistanda Rusiya ilə qərbyönümlü hökumət arasında yeni bir mübarizənin başlanğıcının göstəricisidir:

"Praqadakı son görüşdən sonra Paşinyan oradakı danışıqları ikitərəfli qaydada Putinlə müzakirə predmetinə çevirmədi. Bu faktın özü də göstərir ki, ortada ciddi inciklik var. Hələlik tərəflər susqunluqlarını saxlayırlar. Amma bu fırtına qabağı bir susqunluqdur”. 

Rüfət Sultan