Ölkə 18:05 21.12.2022

İşçiləri generaldan niyə üz döndərib? (SƏBƏB)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, general-mayor Mövlam Şıxəliyevin tabeliyində olan şəxslərin ona qarşı çıxmasının səbəbi məlum olub. 

Məlumat üçün deyək ki, Mövlam Şıxəliyevlə birgə MTN-nin İstintaq Baş İdarəsinin 2-ci şöbəsinin rəisi olmuş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin keçmiş rəis müavini Yasin Məmmədov və şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov da mühakimə olunurlar.

Hər üç şəxs birinci instansiya məhkəməsində Mövlam Şıxəliyevlə eyni mövqe sərgiləyirdilər. Lakin Apellyasiya Məhkəməsində bu baş vermədi. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun generala əvvəlki tək münasibət bəsləmədikləri üzə çıxdı.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onların Mövlam Şıxəliyevdən üz döndərməsinin səbəbi generalın zərərçəkənlərə qarşı tutduğu mövqedir. Mövlam Şıxəliyev dəymiş zərəri ödəmək niyyətində deyil. Bunu heç gizlətmir də. Üstəlik müsadirə olunmuş əmlaklarını geri qaytarmağa çalışır. Bu halda isə zərərçəkənlərin dirəniş göstərir və generalın, həmçinin onunla birgə mühakimə olunanların uzun müddətli həbsini şərtləndirir.

Yeri gəlmişkən, birinci instansiya məhkəməsində yalnız Mövlam Şıxəliyev həbsdə idi. Hökm oxunandan sonra isə ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olan Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov da həbs edilib. 

İddialara görə, onlar Mövlam Şıxəliyevin zərərçəkənlərə dəymiş zərəri ödəməsini istəyirlər. Çünki əks təqdirdə azadlığa çıxmalarının müşkül olduğunu anlayırlar. 

Seyid