Dünya 16:55 07.12.2023

İspaniya ABŞ səfirliyinin iki əməkdaşını casus kimi ölkədən çıxardı

İspaniya Milli Kəşfiyyat Mərkəzinin (CNI) məxfi məlumatları əldə etmək üçün casusluq və rüşvət verməkdə şübhəli bilinən iki Amerika səfirliyinin əməkdaşını ölkədən çıxarıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb.

Qeyd edilir ki, İspaniyanın müdafiə naziri Marqarita Robles diplomatik missiya əməkdaşlarının hərəkətləri ilə bağlı izahat almaq üçün ABŞ səfiri Culissa Reynosonu çağırıb. Xarici işlər naziri Xose Manuel Albares də narahatlığını bildirmək üçün ABŞ səfiri ilə əlaqə saxlayıb.

"El Pais" xəbər verir ki, ən azı iki amerikalı işçi İspaniyanı tərk edib və iki İspan kəşfiyyat rəsmisi məxfi məlumatları sızdırmaqda ittiham olunaraq istintaq altındadır.

Daxili araşdırma agentlərin məxfi məlumatlara icazəsiz daxil olduğunu göstərib. Həmçinin, qəzet yazır ki, orta səviyyəli bir zabit amerikalı casuslar tərəfindən onlara böyük məbləğdə pul müqabilində məlumat vermək üçün işə götürülüb.

Qəzetin mənbələrinə görə, ABŞ səfiri baş verənlərdən xəbərsiz olduğuna inandırıb. Onun sözlərinə görə, agentlər Co Bayden prezident olmadan əvvəl başlanmış proqramın bir hissəsi kimi fəaliyyət göstəriblər.

Aydın