Dünya 16:10 24.12.2023

İspaniya Aİ-nin Qırmızı dəniz əməliyyatında iştirakına vetonu ləğv edəcək

İspaniya Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün ABŞ əməliyyatında Avropanın iştirakına vetonunu ləğv edəcək, lakin özü bu əməliyyatda iştirak etməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb.

Qəzetin ölkənin Müdafiə Nazirliyindəki mənbələrindən əldə etdiyi məlumata görə, Madrid Avropa İttifaqının Qırmızı dənizdəki missiyada iştirakına qadağa qoyulması ilə bağlı qərarına yenidən baxacaq.

Bundan əvvəl məlum olub ki, ABŞ ən azı 5 tərəfdaşı ilə birlikdə Qırmızı dənizdə ticarət gəmiləri üçün təhlükəsiz dəhliz yaratmaq niyyətindədir. Dekabrın 18-də Pentaqon tərəfindən elan edilən Qırmızı dənizdə gücləndirilmiş hərbi dəniz qüvvələrinin "Prosperity Sentinel" əməliyyatı ən azı 5 müttəfiqi ilə ticarət gəmiçiliyi üçün təhlükəsiz dəhliz yaratmağı planlaşdırır.

Dekabrın 15-də husilərin Qırmızı dənizdə iki konteyner gəmisinə hücum etdiyi bildirilib. Husilər davranışlarını İsrailin Qəzza zolağındakı hərəkətlərinə reaksiya kimi izah edirlər.

Bundan əvvəl Qırmızı dənizdə Honq-Konq bayrağı altında üzən yük gəmisinə hücum edilib. Məlumata görə, gəmiyə ballistik raket atılıb, bundan sonra Yəməndəki husi üsyançıları gəmini raket atəşinə tutmağa davam edəcəkləri ilə hədələyiblər. 

Aydın