Dünya 14:50 11.12.2023

İspaniya: "Cəbəllütariqlə bağlı razılaşma hava limanının taleyindən asılıdır"

İspaniya və Böyük Britaniya arasında "Brexit”dən sonra Cəbəllütariqin statusu ilə bağlı razılaşma hava limanından istifadəyə dair razılaşmadan asılıdır.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares "El Pais” nəşrinə bildirib.

"Mənə elə gəlir ki, uçuşlar İspaniya və digər Avropa ölkələrinin hava limanlarından həyata keçirilə bilər ki, bu da turizmin və əlaqələrin inkişafına töhfə verər. Hava limanı razılaşmada olmalıdır", deyə İspaniya XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Madrid Londona insanların və malların sərbəst hərəkəti, Cəbəllütariq və İspaniya arasında fiziki sərhədin götürülməsi və hava limanından istifadəni ehtiva edən təklif təqdim edib.

"Böyük Britaniya bunu, yoxsa sadəcə Avropa qanunvericiliyinin tətbiq edilməsini istədiyi ilə bağlı qərar verməlidir", deyə Albares bildirib.

İspaniyanın cənubundan yerləşən, 18-ci əsrdən bəri Vöyük Britaniyanın nəzarəti altında olan Cəbəllütariqin statusu və İspaniya ilə sərhədin necə qorunacağı Böyük Britaniyanın 2016-cı ildə Avropa İttifaqından çıxmasından sonra sonra mübahisə predmetinə çevrilib. Anklav Böyük Britaniya və Aİ arasında əldə olunan "Brexit" razılaşmasından çıxarılıb.

İspaniya, Böyük Britaniya və Avropa İttifaqı 31 dekabr 2020-ci ildə, Böyük Britaniyanın Aİ-dən tam çıxmasına saatlar qalmış Cəbəllütariqin "Şengen" zonası kimi Aİ razılaşmalarının bir hissəsi olaraq qalması, İspaniyanın isə yekun həll yolu tapılana qədər liman və hava limanını qoruyacağına dair razılığa gəliblər. 

Xatırladaq ki, İspaniya Xarici İşlər Nazirliyi keçən həftə parlamentarilərin çağırışlarından sonra, oktyabrın əvvəlində Cəbəllütariq bölgəsində baş vermiş insidentlə əlaqədar Böyük Brtaniyaya etiraz edib. Həmin vaxt Böyük Britaniya gəmisi "Cutlass” İspaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Isla de Leon” gəmisini ələ keçirib. 

Hadisə İspaniya və Cəbəllütariq hökumətləri arasında münasibətlərin daha gərginləşməsinə səbəb olub, çünki tərəflər Cəbəllütariqin statusu və Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra oradan insanların və nəqliyyatın hərəkəti ilə bağlı danışıqlar aparır.

Nizami Bağırov