Dünya 11:01 31.01.2024

İspaniya parlamenti Kataloniya separatçılarının amnistiyasını rədd etdi

İspaniya parlamentinin aşağı palatasının (Konqress) deputatları Kataloniya separatçılarının amnistiyasına dair qanun layihəsini rədd ediblər. Qanun layihəsində 2017-ci ildə regionun müstəqilliyi ilə bağlı qeyri-qanuni  referendum keçirməkdə təqsirli bilinən Kataloniya separatçıları üçün amnistiya təklif edilib. 

Qaynarinfo RTVE-yə istinadən xəbər verir ki, sənədin qəbulunun əleyhinə 179 deputat, lehinə 171 deputat səs verib

Qanun layihəsi yenidən baxılması üçün parlamentin Ədliyyə məsələləri üzrə komissiyasına qaytarılıb. Komissiya 15 gün ərzində sənədi yekunlaşdırıb Konqresə göndərməlidir. Sənədin parlamentin yuxarı palatasına göndərilməsi üçün 350 deputatdan 176-nın səsi lazımdır. 

Xatırladaq ki, 2017-ci ildə Kataloniyada referendumun keçirilməsində ümumilikdə 400 nəfər iştirak edib. İspaniyanın Baş naziri Pedro Sançes amnistiya qanun layihəsinin qəbul edilməsinin tərəfdarıdır. O, 16 noyabr 2023-cü ildə debatda çıxış edərək, İspaniyanın siyasi-ərazi modelinin dəyişdirilməsinin mümkünlüyü ilə bağlı aktiv müzakirələrə hazır olduğunu bildirib. Noyabrın 18-də yüz minlərlə insan Madriddə Pedro Sançesin Kataloniya separatçılarının kütləvi amnistiya edilməsi təklifinə etiraz olaraq aksiya keçirib.

Nizami Bağırov