Dünya 16:31 03.09.2023

İsrail iğtişaşlara sonra Eritreyadan olan qanunsuz miqrantları qovacaq

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə hakimiyyəti Təl-Əvivdəki Eritreya səfirliyində baş verən iğtişaşlarda iştirak edən qeyri-qanuni miqrantları ölkədən göndərəcək. 

Qaynarinfo xəbər verir ki, Netanyahu bu barədə qeyri-qanuni miqrantlarla mübarizə tədbirlərini müzakirə etmək üçün keçirilən Nazirlər Kabinetinin iclasında deyib. 

O, həmçinin Afrikadan qeyri-qanuni miqrasiyanı İsrailin gələcəyi üçün əsl problem adlandırıb:

"Dünənki hadisələr qırmızı xəttin kəsişməsidir. Bu, iğtişaş və qan tökülməsidir, buinu qəbul edə bilmərik. Biz iğtişaşçılara qarşı sərt tədbirləri, o cümlədən onların dərhal deportasiyasını həyata keçirəcəyik".

Netanyahu həmçinin müvafiq departamentlərə qalan qeyri-qanuni miqrantların İsraildən çıxarılması üçün plan hazırlamağı tapşırıb. Nazirlərlə görüşdə baş nazir qeyd edib ki, İsrail bundan əvvəl qanunsuz miqrasiyanın qarşısını almaq üçün Misirlə sərhəddə hasar çəkib:

"Amma hasarın tikintisi başa çatmamış bura köçənlərin problemi qalır. Bunlar ölkəyə daxil olan bir neçə on minlərlə qanunsuz miqrantdır. Onlardan 12 min nəfərini müxtəlif müavinət proqramları və digər tədbirlərlə könüllü olaraq ölkəni tərk etməyə razı saldıq”.

Dünən səhər saatlarında Təl-Əvivdəki Eritreya səfirliyi yaxınlığında Eritreyadakı mövcud rejimin əleyhdarlarının iştirakı ilə toqquşmalar başlayıb. Onlar ölkənin hazırkı lideri İsaias Afevorkinin hakimiyyətə gəlməsinin 30 illiyi şərəfinə tədbirin keçirilməli olduğu zalı dağıdıb, mağazalara və avtomobillərə ziyan vurublar. Nəticədə Eritreyadakı rejim tərəfdarları və onun əleyhdarlarının iştirakı ilə baş verən iğtişaşlara polis müdaxilə edib, təhlükəsizlik qüvvələri atəş açıb. 30-u polis olmaqla, 150-dən çox insan yaralanıb. Polis qarşıdurmalar zamanı 39 nəfərin həbs edildiyini bildirib.

Aydın