Dünya 15:18 14.09.2023

İsrail Suriyada Rusiyanın əsas hərbi hava bazalarından birinə zərbələr endirdi - "Reuters"

İsrail ordusu Suriya prezidenti Bəşər Əsədin əsas müttəfiqi kimi Rusiyanın Suriya üsyançılarına qarşı reydlər keçirmək üçün hərbi baza kimi istifadə etdiyi Tartus şəhərinə hava zərbəsi endirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" Suriya müxalifətindəki mənbələrə istinadən məlumat yayıb.

Suriya dövlət mediası hücumda iki Suriya əsgərinin öldüyünü, altısının isə yaralandığını bildirib. Onların sözlərinə görə, İsrail raketləri Həma şəhərinin kənarına düşüb və yalnız müəyyən qədər maddi ziyan vurub.

İsrail son illərdə Suriyadakı İran hədəflərinə yüzlərlə zərbə endirib, lakin Rusiyanın hərbi qüvvələrinin cəmləşdiyi sahilyanı əyalətləri vurmaqdan xeyli yayınıb.
İsrailli və regional hərbi ekspertlər hesab edirlər ki, zərbələr İranın Suriyada yüksəlişini yavaşlatmaq məqsədi daşıyan aşağı intensivlikli münaqişənin bir hissəsidir.

Nizami Bağırov