Dünya 12:55 23.06.2023

İsrail Ukraynaya silah yardımı etməyəcək - Netanyahu iki səbəb göstərdi

İsrail bilavasitə Rusiya və İranla bağlı iki səbəbdən silahlarını Ukraynaya vermək istəmir. 
 
Qaynarinfo xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu "The Jerusalem Post” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, Ukraynaya hərbi yardım məsələlərində İsrail ilkin olaraq xüsusi vəziyyətdədir və bu, Polşa, Almaniya, Fransa və Ukraynanın digər tərəfdaş ölkələrinin mövqeyindən fərqlənir. 

"Rusiya ilə möhkəm hərbi "sərhədimiz" var. Pilotlarımız Suriya səmasında rus pilotları ilə bərabər uçur. Məncə, İranın şimal sərhədimizdə hərbi mövqelər yaratmaq cəhdlərinə qarşı hərəkət azadlığımızı qoruyub saxlamağımız vacibdir", - Netanyahu izah edir.

Ukraynaya silahların verilməməsinin ikinci səbəbi, onların döyüş meydanında Rusiya qənimətinə çevrilməsi və daha sonra bu silahları İsrailin özünə qarşı istifadə etməyə çalışacaq İrana veriləcəyi qorxusudur.

"Bu, nəzəri ehtimal deyil. İndi sərhədlərimizdə tapdığımız Qərbin tank əleyhinə silahları ilə də məhz belə olub. Ona görə də burada çox diqqətli olmalıyıq", - baş nazir bildirib.

Netanyahunun sözlərinə görə, yuxarıda göstərilənləri nəzərə alaraq, İsrail "balanslı yanaşma”nı davam etdirmək və ehtiyatlı olmaq niyyətindədir. 

İndiyə qədər İsrail əsasən Ukraynaya humanitar yardım - tibbi avadanlıq və s. verib. O da məlumdur ki, bu yaz Ukrayna Rusiyanın raket hücumlarını izləməyə kömək edəcək bir sıra İsrail radarlarını alıb.

Lakin İsraildən öldürücü silahların, xüsusən də cəbhə xəttində istifadə edilən silahların tədarükü hələ də alınmayıb. Bu ərəfədə məlum olub ki, İsrail Kiprə müəyyən sayda Merkava tankı verə bilər, Kipr isə köhnə T-80 tanklarını Ukraynaya təhvil verəcək. Lakin bu sövdələşmə hələ də reallaşmaqdan uzaqdır.

Alpər