Ekonomiks 13:28 18.02.2023

İşsizlikdən Sığorta Fondundakı pullar hara xərclənməlidir? - İqtisadçıdan deputatın çıxışına reaksiya

"Həmin vəsaitin bir hissəsinin dövlətin biznes maraqları naminə investisiya kimi yatırılması yolverilməzdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deputat Qüdrət Həsənquliyevin İşsizlikdən Sığorta Fondunun artıq vəsaitlərinin investisiya kimi qoyulmasına etiraz edərək, həmin pulun əhalinin yoxsul təbəqəsinə verilməsi təklifinə münasibət bildirərkən deyib. Onun fikrincə, İşsizlikdən Sığorta Fondundan qoyulan investisiya heç bir ciddi divident gətirməyəcək:

"İşsizlikdən Sığorta Fonduna yığılan vəsait işsizlərin iş tapana qədər dolanması üçün nəzərdə tutulub. Bu mənada həmin vəsaitin bir hissəsinin dövlətin biznes maraqları naminə investisiya kimi yatırılması doğru deyil və yolverilməzdir. Bu vəsaitlər əmək bazarına qoyulan investisiyadır. Neft Fondundan qoyulan investisiyalar belə ildə cəmi 0,4 faiz divident gətirir. Bu mənada, İşsizlikdən Sığorta Fondundan qoyulan investisiya heç bir ciddi divident gətirməyəcək. Ondansa əmək resurslarını qorumaq, işsiz əhalinin imkanlarının genişləndiriməsi daha məqsədəuyğundur. Bu mənada da həmin addımın əvəzinə hökumət büdcədən Fonda əsaslı vəsaitlər yatırmalıdır”. 

Qeyd edək ki, Milli Məclisin son plenar iclasında deputat Qüdrət Həsənquliyev İşsizlikdən Sığorta Fonduna investisiya qoyma hüququnun verilməsinə etirazını bildirib:
 
"İşsizlikdən Sığorta Fondun artıq vəsaitlərinin investisiya kimi qoyulmasını doğru hesab etmirəm. Həmin pulların əhalinin yoxsul təbəqəsinə verilməsi daha doğrudur. Biz, "İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik etməklə dövət büdcəsi hesabına formalaşdırılan quruma investisiya yatırmaq hüququ veririk. Bu, Konstitusiya ilə ziddiyyət təşkil edir. Bu kommersiya hüququnun verilməsi deməkdir. Bu vəsaitələrdən investisiya kimi istifadə olunması biznes riski yaradır. Bəs, həmin investisiya batsa, nə olacaq?”. 

Rüfət Sultan