Dünya 16:45 14.11.2022

İstanbul terroru və Ankaraya verilən mesaj: Teraktın arxasında ABŞ dayanır? (ŞƏRH)

Xəbər verdiyimiz kimi, noyabrın 13-də İstanbulda terror baş verib. Terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb. Yaralıların 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır. 

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib  O qeyd edib ki, aktı törədən şəxs yerli polis idarəsi tərəfindən saxlanılıb. 

Soylunun sözlərinə görə, terrorun həyata keçirilməsi ilə bağlı təlimat Kobanidən gəlib: "Nə olursa-olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Heç narahat olmasınlar, əvəzini daha ağır ödəməli olacaqlar. Bu mesaja cavab aydın olacaq. Düşünürəm ki, ABŞ-nin bu gün verdiyi başsağlığı mesajını sanki qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirmək vacibdir və bu mesajın da cavabı çox açıq şəkildə ortaya çıxacaq”. 

Ermənilərə məxsus "Armenisch88” "Telegram" kanalının yaydığı məlumata görə isə partlayışa görə məsuliyyəti erməni terror təşkilatı - ASALA təşkilatı üzərinə götürüb. Mənbə iddia edir ki, 1985-ci ildə Diyarbəkirdə doğulan Jiyan Tosun adlı PKK-lı kürd terrorçusu partlayışdan öncə terror təşkilatı ilə işbirliyinə başlayıb. 

Türkiyə daxili işlər naziri isə baş verən terror aktına görə ABŞ-ı ittiham edir. Hətta Soylu ABŞ-ın başsağlığını qəbul etmədiklərini də deyib. 

Qaynarinfo-ya açıqlama verən politoloq Taleh Əliyevin fikrincə, İstanbuldakı terror hadisəsi Türkiyənin nüfuz dairəsinin genişlənməsindən narahat olan siyasi güc mərkəzlərinin əməlidir:

"Son zamanlar Türkiyənin həyata keçirdiyi müstəqil siyasət, xüsusən də türkdilli dövlətlərlə birlikdə apardığı uğurlu siyasət istər-istəməz Ankaranın regional güc olaraq meydana çıxmasından narahat olan bəzi regional dövlətlər və digər siyasi güc mərkəzlərinə sərf etmir. Ona görə hesab edirəm ki, terror aktı hər hansı bir başıpozuq terrorçu dəstənin deyil, arxasında böyük hədəfləri olan siyasi mərkəzlərin sifarişidir. Amma Türkiyə kimi ciddi dövləti terror hadisələrilə onu planlaşdırdığı məqsədlərindən çəkindirə bilməyəcəklər”.

Həmsöhbətimiz ABŞ kimi bir dövlətin özünün siyasi məqsədləri uğrunda mübarizədə terroru vasitəyə çevirdiyinə inanmır:

"Ola bilər ABŞ ayrı-ayrı dövlətlərin terrorçu kimi tanıdıqları qrupları dəstəkləsin. Suriyada kürdlərə münasibətdə Vaşinqtonun belə siyasət yürütməsinin şahidiyik. Amma ABŞ-ın birbaşa hər hansı bir terrorun arxasında, xüsusən də Türkiyəyə qarşı terror əməlində yer alması inandırıcı deyil. Bu işin arxasında ABŞ-ın dayandığını düşünmürəm. Amma Soylunun olayda ABŞ-ı ittiham etməsini də görməzdən gəlmək doğru olmazdı”. 

Törədilə terror hadisəsilə Ankaraya hansı mesaj verildiyinə gəldikdə, həmsöhbətimiz bildirir ki, bu Türkiyənin güclənməsindən narahatlıq keçirən siyasi güc mərkəzlərinin, xüsusən də Ankaranın türk cümhiriyyətləri, Şərqi Avropa, Şimali Afrikada nüfuzunun artmasından əndişələnən güclərin mesajıdır. 

Rüfət Sultan