Dünya 23:55 10.12.2023

İstilər səbəbindən mərcanlar kütləvi şəkildə məhv ola bilər - Alimlərdən xəbərdarlıq

Kvinslend Universitetinin avstraliyalı alimləri hesab edirlər ki, yaxın bir-iki il ərzində bütün dünyada mərcanlar istilik dalğaları səbəbindən böyük itkilərlə üz-üzə qalacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Science” elmi jurnalı yazıb.

"İstilik stresi şəraitinin əvvəllər qeydə alınmış zirvələrdən 12 həftə əvvəl başladığını və şərq tropik Sakit okeanda və Karib dənizinin böyük hissəsində daha uzun müddət davam etdiyini tapmaq bizi şoka saldı. Tarixi məlumatlar göstərir ki, hazırkı dəniz isti dalğaları El Nino fazası davam etdiyi üçün növbəti 12-24 ay ərzində qlobal kütləvi mərcan itkisinin xəbərçisi ola bilər", deyə tədqiqatın aparıcı müəllifi, professor Uve Hoeq-Quldberq bildirib.

Alimin fikrincə, hazırkı iqlim şəraiti təkcə mərcanları deyil, həm də okeanlardakı həyatın ümumi müxtəlifliyinin 1/4-ni məhv olmaq təhlükəsi qarşısında qoyur. İstidən əlavə, mərcan rifləri dəniz suyunun artan turşuluğundan və çirklənməsindən mənfi təsirlənir.

Tədqiqatçı əlavə edib ki, təbii mərcan populyasiyalarına istilik müqaviməti genlərinin tətbiqi üzrə aparılan təcrübələr ümidverici nəticələr verir, lakin logistika səbəbindən bu əməliyyatları tələb olunan miqyasda həyata keçirmək çətindir.

Aydın