Dünya 14:34 07.02.2024

İsveç “Şimal axını”nda baş vermiş partlayışlarla bağlı istintaqı rəsmən bağladı

İsveç rəsmi olaraq elan edib ki, Şimal axınında baş verən partlayışlarla bağlı təhqiqatı dayandırır, çünki şübhəlilər müəyyən edilə bilmir.

Qaynarinfo xəbər verir ki, bu barədə İsveç Prokurorluğunun bəyanatında deyilir.

İstintaqın əsas məqsədi İsveç vətəndaşlarının partlayışlarda iştirak edib-etmədiyini və İsveç ərazisindən təxribat üçün istifadə edilib-edilmədiyini öyrənmək olub. Hazırda istintaq heç nə tapmayıb.

"İstintaq sistemli və hərtərəfli aparılıb. Nə baş verdiyini anlamaq üçün çoxlu sayda gəminin hərəkətini təhlil etdik. Bundan əlavə, hadisə yerinə hərtərəfli baxış keçirilib və bir neçə dindirmə aparılıb. İndi deyə bilərik ki, İsveç yurisdiksiyası tətbiq edilmir”, – prokuror Mats Ljungqvist bildirib.

O qeyd edib ki, Almaniyada araşdırmalar davam etdiyi üçün əlavə təfərrüat verilə bilməz.

"Beynəlxalq məhkəmə əməkdaşlığına aid edilən məxfiliyə görə, gələcək əməkdaşlıq barədə şərh verə bilmərəm. Mən həmçinin İsveç təhqiqatının nəticələrini şərh edə bilməyəcəm və ya istintaqda şübhəli bilinənlərin adını çəkə bilməyəcəm”, - Ljungqvist əlavə edib.
Fevralın 5-də İsveçdəki ibtidai istintaqın rəhbəri Mats Ljungqvist "Şimal axını" işi ilə bağlı qərarı elan edib, lakin hansı qərarın olduğunu açıqlamayıb.

Xatırladaq ki, 2022-ci il sentyabrın 26-na keçən gecə "Şimal axını 1” və "Şimal axını 2” qaz kəmərlərinin dörd xəttindən üçü Baltik dənizinin dibində neytral sularda partlayışlar nəticəsində dağılıb. Həmin vaxt hər iki qaz kəməri işləməyib, texniki qazla doldurulub.
Polşa və Ukrayna partlayışlarda Rusiyanı, Kreml rejimi isə öz növbəsində "anqlo-saksonları” günahlandırıb və özünün əlinin olduğunu rədd edib.

Alman mediası mənbələrə istinadən yazıb ki, bombardmançı olduğu iddia edilən qrupun istifadə etdiyi yaxta Ukrayna vətəndaşlarına məxsusdur. Mətbuat yaxtanı icarəyə götürənlərdən birinin Ukraynada yaşadığını da yazıb.

Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukraynanın qaz kəmərlərinin partlaması ilə heç bir əlaqəsi yoxdur. Keçmiş müdafiə naziri Aleksey Reznikov deyib ki, bu "bizimlə heç bir əlaqəsi olmayan olduqca qəribə bir hadisədir".

"Mən prezidentəm və müvafiq sərəncamlar verirəm. Ukrayna belə bir şey etməyib. Mən heç vaxt belə hərəkət etməzdim”, – prezident Vladimir Zelenski iyunda deyib.

Alpər