Dünya 16:24 05.04.2023

İsveçin Quranı yandırmağa icazə verməsi ifadə azadlığı sayıla bilərmi?

"Bunu etmək Amerikada mövcud olan "nifrət” cinayətinə gətirib çıxara bilər”. 

Bu sözləri Qaynarinfo-ya açıqlamasında ilahiyyətçi Elşad Miri İsveç İnzibati Məhkəməsinin Quranyandırma aksiyalarına qoyulan qadağanı yenidən ləğv etməsinə münasibət bildirərkən deyib.

Elşad Miri hesab edir ki, bu addımlar əslində provokasiyadır:



"ABŞ-da müsəlmanların yaşadığı yerə donuz ətinin başını kəsib atırsansa, bu, nifrət cinayəti olaraq qəbul olunur və ona uyğun olaraq da, addımlar atılır. İsveçin addımı da inanmıram ki, bu ölkəyə başucalığı gətirsin. Çünki sabah kimsə həmin ölkənin Konstitusiyasını və yaxud onların dəyər verdiyi hansısa əsəri yandırarsa, insanlar bunu təbii ki, rəğbətlə qarşılamayacaqlar. Bu addımlar əslində provokasiyadır. Ona görə də bunu əlində bayraq tutub, sui-istifadə edənlərin olacağını da gözləyirəm. Müsəlmanlar bunun əvəzində Quran kitabını onu yandıranların dilinə tərcümə edib, onlara hədiyyə göndərməlidir. Quranın gözəl tərəfini aşılamalıyıq ki, belə bir kitabı yandırmağa dəymədiyini anlasınlar. Yoxsa, pis hərəkətə qarşı hansısa digər pis alternativ addım atmağına dəyməz".

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə deyib ki, ifadə, toplaşma və söz azadlığı başqasının hüquqları, azadlığı və maraqları ilə məhdudlaşır: 
 


"Bu, qəbul olunmuş hüquqi prinsipdir. Bütün ölkələr buna əməl etməyə çalışmalıdır. İnanclı adamların inancına qarşı bu kimi hərəkətlər ifadə azadlığı, söz və fəaliyyət azadlığı hesab edilə bilməz. Bu sadəcə olaraq, başqalarının şəxsi inanclarına, başqa dinləri təhqir etməyə yönəlik hərəkətlərdir. Əslində, dini etiqad azadlığı da, digər azadlıqlarla yanaşı eyni hüquqa malik olduğundan, İsveç məhkəməsinin sözügedən addımı yolverilməz aksiya kimi qiymətləndirilməlidir. Görünür, bu addım Finlandiyanın NATO-ya üzv olması fonunda İsveçin bu istəyinin Türkiyənin narazılığı səbəbindən baş tutmaması ilə bağlıdır. Bununla belə atılan həmin addım istər-istəməz Türkiyənin İsveçin NATO-ya üzvlük məsələsində tutduğu yolun doğru olduğunu bir daha göstərdi”.

Xatırladaq ki, İsveç İnzibati Məhkəməsi Quranyandırma aksiyalarına qoyulan qadağanı ləğv edib. Daha əvvəl belə bir qadağa ölkənin Daxili İşlər Nazirliyi tərəfindən tətbiq edilib.

Məhkəmə qeyd edib ki, toplaşmaq və nümayiş azadlığı konstitusiya ilə qorunan hüquqlardır. Məhkəmənin fikrincə, polisin bu cür hərəkətlər zamanı təhlükəsizliklə bağlı narahatlıqları belə bir məhdudiyyət üçün kifayət etmir.

Buna qədər İsveç polisi təhlükəsizlik baxımından Quranın yandırılmasını qadağan etmişdi. Polisin fikrincə, bu cür nümayişlər terror aktlarına səbəb ola bilər və İsveçin maraqlarına ziddir.

Rüfət Sultan