Dünya 15:32 24.02.2024

İsveçrə XİN: "Ukrayna ilə bağlı 3-4 tamamilə məxfi sülh planı var"

İsveçrənin xarici işlər naziri İqnazio Kassis hesab edir ki, Rusiyanın Ukraynada nizamlanma ilə bağlı ilk konfransda iştirakı az ehtimal ediləndir. Onun sözlərinə görə, sonda Rusiya nizamlanma layihəsinə daxil edilməli olacaq. Nazir onu da bildirib ki, hazırda münaqişənin həlli ilə bağlı 10 plan var, onlardan 
3 və ya 4-ü tamamilə məxfidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” məlumat yayıb.
  
"Ümumilikdə təxminən 10 sülh planı var. Biz, əlbəttə ki, Zelenskinin 10 bəndlik sülh planından danışırıq, amma əslində 6-7 plan var ki, onlar açıqdır, digərləri isə hələ də məxfi olaraq qalır", deyəİqnasio Kassis Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib. 

Nazirin sözlərinə görə, İsveçrə "addım-addım sülhə gəlmək üçün bütün bu fikirləri təqdim etmək, təhlil etmək, ortaq məxrəcləri tapmaq imkanı vermək” məqsədilə sülh konfransı təşkil etmək istəyir.

Nazir qeyd edib ki, ABŞ belə bir konfransda iştirakda maraqlıdır. O, həmçinin vurğulayıb ki, BRİCS ölkələrinin konfransda iştirakı böyük üstünlük olacaq, çünki "yalnız Qərbin keçirdiyi konfrans çox maraq doğurmayacaq”.

Nazirin sözlərinə görə, İsveçrə konfransa o halda ev sahibliyi edəcək ki, o, "geniş yanaşma” əldə edə bilsin, yəni müxtəlif ölkələrdən çoxsaylı nümayəndələr dəvət etsin.

Qeyd edək ki, yanvarın 15-də İsveçrə prezidenti Viola Amherd Volodimir Zelenskinin yüksək səviyyəli sülh konfransı təşkil etməyi xahiş etdiyini açıqlayıb. Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak deyib ki, sammitlər Ukraynanın "sülh formulu”nun təsdiqi üçün zəruridir. Eyni zamanda İsveçrənin xarici işlər naziri İqnasio Kassis bildirib ki, Rusiyanın sülh sammitində iştirakına alternativ yoxdur və Rusiyasız konfrans keçirmək mümkün deyil.

Nizami Bağırov