Siyasət 14:06 07.12.2022

Jurnalistlər Xocalıya buraxılmadı, yaşanan qarşıdurmaya “media kapitanları” münasibət bildirdi

"Prosesi izləyirik, məqamında münasibət bildirəcəyik”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti nümayəndələrilə Rusiya sülhməramlıları komandanı arasındakı görüşü işıqlandırmaq üçün gedən İTV-nin əməkdaşı və bir qrup jurnalisti sülhməramlıların Xocalıya buraxmamasına münasibət bildirərkən deyib.



"Azərbaycan ictimaiyyəti sülhməramlıların jurnalisti Xocalıya buraxmamasına mənfi münasibət bəsləyir. Mətbuat Şurası da eyni mövqedədir. Xocalı bizim torpağımızdır. Ona görə də burda keçirilən tədbirləri jurnalistlərimizin işıqlandırmağa tam haqqı var. Ümumiyyətlə, hesab edirəm ki, dövlət strukturlarının atdığı bu addımlar bir müddətdən sonra Azərbaycan jurnalistlərinin, televiziya əməkdaşlarının rahat şəkildə Xankəndi və Xocalıya gedib çıxacaqlarına gətirib çıxaracaq. Mətbuat Şurası da prosesləri izləyir. Yəqin ki, məqamında ona münasibət bildirəcəyik”, - Rəşad Məcid əlavə edib.

Jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis Arif Əliyev isə qeyd edib ki, Azərbaycan nümayəndəliyinin tərkibində olan və onun fəaliyyətini işıqlandırmaq üçün gedən jurnalistlərin Xocalıya buraxılmaması qanunsuzdur:



"Sülhməramlılar bura sülh yaratmaq üçün gəliblər, azərbaycanlı və yaxud erməni tərəfini bölmək üçün gəlməyiblər. Digər tərəfdən, jurnalistin tədbirdə iştirak edib, araşdırma aparmağa tam hüququ çatır. Hesab edirəm ki, gömrük məsələləri ayrıca müzakirə mövzusu olduğu kimi, yaxın müddətdə Azərbaycan jurnalistlərinin ərazidə sərbəst fəaliyyət göstərməsi məsələsi də gündəmə gələcək. Artıq bu məsələni də müzakirə etməyə ehtiyac yaranıb. Diplomatik, digər pərdəarxası addımlardan istifadə etməklə indiki şəraitdə bu məsələ ilə bağlı da müsbət nəticələr əldə edə bilərik”. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirmək üçün Xocalıya gedib. Lakin ərazidəki rus sülhməramlıları prosesi işıqlandırmaq üçün Şuşaya ezam olunmuş jurnalistləri Xocalıya buraxmayıblar. 

İctimai Televiziyanın İnformasiya Departamentinin direktoru Fikrət Doluxanovun "Qarşımı kəsə bilməzsən, bura bizim torpaqlardır…” etirazından sonra mübahisə düşüb və jurnalistləri oradan uzaqlaşdırıblar.

Rüfət Sultan