Dünya 13:31 07.06.2023

Kaxovka SES faciəsi: fəlakət zonasında 22 mindən 40 minə qədər insan qalıb

Kaxovka SES-in dağıdılmasından sonra Xerson vilayətində Dnepr çayının sağ sahilində 1,5 mindən çox evi su basıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Telegram-da məlumat verib

Vilayətin işğalçı hakimiyyət orqanları qəzanın nəticələri barədə də məlumat verir: Xerson vilayətinin "rəhbəri" Vladimir Saldonun sözlərinə görə, fəlakət zonasında 22 mindən 40 minə qədər insan qalıb

TASS fövqəladə hallar xidmətinə istinadən xəbər verir ki, Xerson vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Prokudin iddia edir ki, daşqınların intensivliyi azalır, lakin "bəndin əhəmiyyətli dərəcədə dağılması səbəbindən su hələ də gələcək". Onun proqnozlarına görə, yaxın 20 saat ərzində suyun səviyyəsi daha bir metr qalxa bilər. Regionun rəhbəri bildirib ki, artıq 1457 nəfər sahil zonasından təxliyə edilib.

Həmçinin, SES dağıdılandan sonra Kaxovka su anbarından nəzarətsiz su axıdılması nəticəsində Dnepr çayının sol sahilindəki Korsunka kəndi tamamilə su altında qalıb, Rusiya Federasiyası tərəfindən yaradılmış Novaya Kaxovka administrasiyasının "rəhbəri” Vladimir Leontyev bildirib. O, iddia edir ki, Dnepryan, Krınki, Kazaçyi Laqeri yaşayış məntəqələri damlara qədər su altında qalıb.

Britaniya kəşfiyyatı Kaxovsk su elektrik bəndinin daha da dağıdılması səbəbindən yaxın günlərdə əlavə daşqınlar gözlənildiyini yazıb.

Bu barədə Britaniya Müdafiə nazirliyinin kəşfiyyat icmalında deyilir.

Nazirlik xatırladır ki, Rusiyanın nəzarətində olan Kaxovka bəndi 2023-cü il iyunun 6-da yerli vaxtla saat 03:00-a qədər qismən dağıdılıb. Saat 12:00-a qədər bəndin bütün şərq hissəsi, eləcə də hidrotexniki və mühəndis infrastrukturunun əhəmiyyətli hissəsi sökülüb.

Qeyd olunur ki, dağılmadan əvvəl Kaxovka su anbarında suyun səviyyəsi rekord həddə olub, bu da xüsusilə böyük miqdarda suyun buraxılmasına səbəb olub və bu, aşağı axınındakı ərazini basıb.

İcmalda deyilir: "Bənddən 120 km məsafədə yerləşən Zaporojye AES-nin su anbarında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən təcili olaraq əlavə təhlükəsizlik problemləri ilə üzləşməsi ehtimalı azdır".

"Bəndin strukturunun yaxın bir neçə gün ərzində daha da pisləşəcəyi və nəticədə əlavə daşqın olacağı gözlənilir", - icmalda deyilir.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, Moskva bəndin dağıdılmasına görə məsuliyyət daşıdığı üzə çıxsa, Rusiya "yeni dibə” çatacaq.
Qeyd edək ki, iyunun 6-da səhər saatlarında Kaxovka SES-də bənd dağılıb, bir müddət sonra su elektrik stansiyasının tamamilə dağıldığı və su altında qaldığı barədə xəbərlər və videolar yayılıb. "Ukrhidroenerqo”dan bildirilib ki, su elektrik stansiyasını bərpa etmək mümkün deyil. Ukraynanın "Cənub” operativ
 
komandanlığı iddia edir ki, Rusiya hərbçiləri su elektrik bəndini partladıblar. Ukrayna Prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, ilkin məlumatlara görə, bunu RF Silahlı Qüvvələrinin 205-ci motoatıcı briqadası edib. Rusiya tərəfi isə bunu Ukraynanın təxribatı adlandırıb.

Nizami Bağırov