Ekonomiks 17:07 23.11.2023

“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq

25-26 noyabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Həftəsonu yarmarkasının keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Budəfəki yarmarkalarda ümumilikdə 40-dan çox regiondan 60 fermer iştirak edəcək. Fermerlər yarmarkada 80-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana biləcəklər.

Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar. Həmçinin məhsulların daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.