Orxan Saffari
Sənət 11:55 05.04.2022

Kəramət Böyükçöl, Cəlil Cavanşir, Seymur Baycan bir kazarmada... - Yazıçı-şairləri Laçına göndərsək nə olar?

Orxan Saffari

Saat 6:00.

- Diqqət... Bölük qalx! - Bölük növbətçisi, maxe Nadir Yalçın kazarmaya girib qalx komandası verdi.

"Nara"nın ikinci mərtəbəsində yatan Əsəd Qaraqaplan, gözlərini açan kimi mızıldandı;:

-Bir oğul böyütmədik əsgərə yola salaq, Bir kazarmamız olmadı xidmət aparaq... Saat 6-da yuxudan durarlar, yoldaş Maxe?! Mən kirayə evimdə elə 6-da yatırdım. 

- Allah haqqı, səhərə qədər yatmayıb darıxmışam. Məzuniyyətdən gələn varsa, siqaret alsın. Maaşı da almışam. Allah haqqı, pulum var, - Cəlil Cavanşir Əsədin sözünə əlavə elədi. 

-  Yoldaş Qaraqaplan, Laçın mənim torpağımdır,  romanlarımda da mən yazıram burdan, narazılıq eləmə, xidmətini elə, - Şərif Ağayar ikisinin də səsini kəsib, Əsəd Qaraqaplana söylənsə də, bu yerdə söhbətə qulaq kəsilən Kəramət Böyükçöl Şərifə ilişməyi özünə borc bildi. 

- Ay Şərif, torpaq sənin idisə, vaxtında əsgər gedərdin də. Durub indi gəlmisən. Bu da medal zad deyil ki, təltif olunasan, hələ yuxarı dairələrə də təşəkkür edəsən. 

Şərif Kəraməti vurmamaq üçün səbrini sıxıb " Kəramət, heç atan Qəşəm də əsgərlikdə olmayıb, amma danışanda deyir vətən elə, vətən belə. Sənin yerinə roman yaza bildiyi kimi, deyərdin, gəlib əsgərlik çəkərdi",- dedi. 

Əsgərlərin sözü Cənab Leytenant Aqşin Yenisey qəfil içəri girən kimi kəsildi. 

- Nə şeir-küydü, əsgər blət?! Qalx komandası verilib, kimə aid deyil?! Tabor komandiri Əsəd Cahangir də həyəcan komandası veriləcəyini deyib. Hazır olun. 

Kəramət dinc dayana bilməyib yenidən dodağının altında mızıldanır:

- Sən bir gənc kadr zabit idin,
Bölük komandiri olmaq istədin,
İlk dəfə ulduzlarını starşinan gördü... 

Ayxan Ayvaz isə həyəcan komandasının veriləcəyini eşidib, Zahir Əzəmətin şeirini deməyə başlayır; 

sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa
sətirlərdən ürəyiniz boy versin
səbirlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək dirək verin… 

sizə zəfər gətirəcəyik
bizə barıt qoxusu dadmayan
səhər saxlayın
bir az günəş
bir az dəniz…
bir az da soyuq xırdalan pivəsi 

şəxsən mənim üçün 

və sevməyin ay əclaflar
bizi gözləyən qadınları  

***

Səhər 7:00. Yeməkxananın qarşısında düzülüş.

Yeməyə düzülüşdə sıranın qabağında daim əsgərdən narazı, boş əsgərin dolu silah olduğunu deyən, əsgərləri nizamnaməni oxumamaqda günahlandıran, tənqid edən Seymur Baycan çıxır. 

Buralarda yeyib-içmək onluqdur... 

Kalonun arxasında duran Orxan Saffari isə üzünü gənc əsgərlər- Eminquey, Ulucay Akif, Rəvan Cavid, Orxan Həsəni, Vüqar Babazadə, Səddam Laçına tutub "ayə, əlinizi cibinizdən çıxardın, bura sizə sayt-qəzet deyil, axşama da məhəbbət görəcəksiniz. Xarabanın dedi var, dembeli var"- deyib, dedovşina keçəcəyini deyir. 

Starşina İlham Azizov, bölüyün Baş çavuşu Sərdar Amin də bu məsələni eşidib tənbeh etməyə çalışır. 

Sən demə, söhbət böyüyübmüş... 

- Əsgər Saffari, sən yaxşı əsgərsən, amma bu əməllərin Qərargah "sədri" Anar Rzayevə məruzə olunub, raport da yazıblar,- starşina İlham Əzizovun bu sözünə hiddətlənən əsgər Orxan Saffari deyir; 

-Qərargah sədri Anar Rzayevdən onsuz da xoşum gəlmirdi. Zampalit Rəşad Məcid də mənə demişdi belə olacağını. Amma bu qədər gözləmirdim. Eybi yox, mən də bu məsələni ehtiyatda olan zabitlər Rasim Qaraca, Murad Köhnəqalaya deyərəm... 

***

Saat 10:00. Yat komandasına hazırlıq.

Tabor komandiri Əsəd Cahangir bir daha hər an həyəcan komandasına hazır olmağı tapşırıb, Leytenant Aqşin Yeniseyin də üzünə tərs-tərs baxıb getdi. 

Hospitaldan bölüyə yenicə qayıdan Əsgər Qismət Rüstəmov üzünü əsgərlərə tutub dedi:

- Əvvəlcə axşam düşür, sonra mənim ürəyim... 

- Yenə səhəri diri açıb darıxmaq var, -Cəlil Cavanşir. 

- Cəlil, əsgər corablarından bir roman yazarsan, axırda da elə elə ki, əsgər postda özünü vurub intihar eləsin,- Kəramət yenə öz ampluasında əsgərlərə ilişməyə başlayır. 

Bölük yatır..