Dünya 09:45 14.08.2023

KİV: "Türkiyə suriyalıların Hələbə qayıtmasını Moskva və Dəməşqlə müzakirə edir"

Türkiyə suriyalı qaçqınların Hələb əyalətinə qaytarılması ilə bağlı Rusiya və Suriya ilə danışıqlar aparır. Bunun üçün miqrantları ev və işlə təmin etmək istəyirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "AHaber" telekanalı məlumat yayıb.

Qeyd edilib ki, danışıqların məqsədi Hələbdə ictimai və ticarət həyatını "canlandırmaq”dır. Ankaranın fikrincə, təhlükəsiz zonaları "canlandırmaq” mümkün olarsa, o zaman Türkiyədə yaşayan yüz minlərlə suriyalı öz vətənlərinə qayıdacaq.

Telekanalın məlumatına görə, Türkiyənin nəzarətində olan ərazilərdə Qətərlə birlikdə evlər tikilir. Qeyd edilir ki, Suriya ilə həmsərhəd əyalətlərdə iş sahibləri biznes açmaq istəyirlər.

Qeyri-qanuni miqrasiya ilə mübarizə planına Pakistan və Əfqanıstanla öz vətəndaşlarının Türkiyədən deportasiyası üçün əməkdaşlığın gücləndirilməsi də daxildir. "AHaber"in məlumatına görə, miqrantların deportasiya ediləcəyi ölkələr dəstək alacaq.

Suriyanın şimal-qərbində 2017-ci ildən deeskalasiya zonası fəaliyyət göstərir. 2020-ci ildən orada atəşkəs rejimi yaradılıb. Türkiyə 2017-ci ildən bəri Suriyanın şimalında üç hərbi əməliyyat keçirib. Ölkənin şimalına Türkiyəyə sadiq Suriya müxalifəti nəzarət edir.

Aydın