Ekonomiks 17:40 11.04.2023

Kompleks direktorunun Azərbaycandan çıxışına qadağa qoyulur (SƏBƏB)

Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayevin ölkədən çıxışı məhdudlaşdırılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sərbəst güləş üzrə millimizin sabiq baş məşqçisinin rəhbərlik etdiyi komplekslə bağlı vergi borcu yaranıb. Bu səbəbdən mütəxəssis İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi əsasında məhkəməyə verilib. 

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. 

Ərizədə, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraat tələb olunub. İşə xüsusi icraat qaydasında baxılacaq.

Ağayev Qaynarinfo-ya açıqlamasında vergi borcu olduğunu təsdiqləyib və yaxın günlərdə ödəniləcəyini bildirib:

"Bilirsiniz ki, Astara Olimpiya İdman Kompleksinin müdiriyəm. Bu, vergi borcu ilə əlaqədardır. Vergi borcu çox olanda ölkədən çıxışa qadağa qoyulur. Bu elə də böyük problem deyil. Hazırda borc ödənilməyib. Belə hallar tez-tez olur. Müəyyən məbləğ limiti var. Limiti keçən kimi çıxışa "stop” qoyulur. Yaxın vaxtlarda tədbir keçirəcəyik və borc ödəniləcək. Elə şey olar ki, dövlətin pulun verməyək? Borcun yaranma səbəbi işçilərin aylıq maaşından tutulan vergilərin ödənilməməsi ilə əlaqədardır. Yəni, dövlət tərəfindən bizə elə də çox dotasiya verilmir ki, vergi borcunu ödəyək. Elə məbləğ verilir ki, onunla yalnız işçilərin maaşını ödəyə bilirik. Vergilər də yığılır və nəticədə qadağa qoyulur”.

Səbuhi Həsənov