Siyasət 16:45 17.05.2023

Kreml Paşinyanı devirmək istəyir: Plan artıq işə düşüb - Ekspert

"Bu mesaj onu göstərir ki, Kremlin Ermənistandakı dayaqları ABŞ-ın həmin ölkədəki maraqlarına mane olur. Vaşinqton Rusiyaya qarşı planlarının gerçəkləşməsi istiqamətində həlledici fəaliyyətə başlayır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya XİN başçısı Sergey Lavrovun ABŞ-ın Ermənistana "rusları öz ərazisindən qovmaq” və təhlükəsizliyin təmin olunmasına yardım etmək təklifini açıq təxribat kimi qiymətləndirməsinə münasibət bildirərkən deyib: 
"Ermənistanda Rusiyayönümlü iqtidara son qoyan Paşinyan və tərəfdarları ABŞ-ın həmin ölkədən rusları qovmaqla bağlı gizli məqsədinin gerçəkləşməsi üçün illərdir ki, siyasi fəaliyyət sərgiləyir. Onun nəticəsidir ki, Ermənistanda son zamanlar KTMT-dən çıxmaq çağırışları artır, habel,ə buradakı rus hərbi bazasına qarşı zaman-zaman müxtəlif təxribatlar törədilir. İrəvan Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun aradan qaldırılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Bundan xəbərdar olan Moskva da Paşinyana artıq etibar etmir və onun devrilməsi planlarını hazırlayır. Lakin hələlik Kreml öz istəyinə nail ola bilmir”.

Ekspert bildirib ki, Lavrovun açıqlaması Ermənistan üzərində ABŞ-la Rusiyanın geopolitik savaşının artıq keyfiyyətcə özünün yeni mərhələsinə qədəm qoyduğuna işarədir:"Artıq Rusiya ABŞ-ın Paşinyan hakimiyyəti vasitəsilə regionda həyata keçirdiyi siyasətini indi ünvanlı formada ifadə edir. Lavrovun bu açıqlaması əslində Ermənistan ordusu və parlamentdəki Köçəryan və Sarkisyan komandasından ibarət "5-ci kolona” verilən mesajdır. Bu mesaj ona dəlalət edir ki, Kremlin Ermənistandakı dayaqları ABŞ-ın Rusiyaya qarşı planlarının gerçəkləşməsinə əngəl olmaq üçün artıq həlledici fəaliyyətə qədəm qoyurlar. Rusiya bölgədə qarmaqarışığın olmasında maraqlıdır”. 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" telekanalına müsahibəsində ABŞ-ın Ermənistana "rusları öz ərazisindən qovmaq” və təhlükəsizliyin təmin olunmasına yardım etmək təklifini açıq təxribat kimi qiymətləndirib. 

Rüfət Sultan