Dünya 10:04 07.12.2022

Kreml Rusiya neftinə daha aşağı qiymət limiti təyin etmək qərarına gəldi

Kreml neft qiymətlərinə "aşağı limit” tətbiq etməyi düşünür, ondan aşağı qiymətə neft satmaq qadağan olunacaq. 

Qaynarinfo xəbər verir ki, "Bloomberg” vəziyyətlə tanış olan rəsmilərə istinadən yazır ki, bu addım Avropa İttifaqı və G7 ölkələri tərəfindən tətbiq edilən "neft tavanı”na cavab olaraq hazırlanır.

Dekabrın 5-dən barreli 60 dollardan artıq qiymətə satılan Rusiya nefti tankerlərin daşınması sığortası xidmətlərindən məhrum edilib. Eyni zamanda, Aİ Rusiyadan "qara qızıl”a embarqo qoyub və fevralın 5-dən embarqo neft məhsullarına da şamil olunacaq.

"Bloomberg” mənbələri deyir ki, buna cavab olaraq, Kreml ya müntəzəm olaraq nəzərdən keçiriləcək sabit neft qiymətləri tətbiq edə bilər, ya da neftçilərin müştərilərinə verdiyi maksimum endirimi məhdudlaşdıra bilər.

"Reuters” agentliyinin məlumatına görə, dekabrın 6-da Urals neftinin hər barreli orta hesabla Şimal dənizi Brent neftindən 25 dollar ucuz olub. Eyni zamanda, noyabrın sonunda Primorsk və Novorossiysk limanlarından fərdi göndərişlər 52 dollara, yəni 40% endirimlə satılıb.

Eyni endirimlə (30-40%) Rusiya neftini Rusiyanın dəniz ixracının üçdə ikisini (gündə 2 milyon bareldən çox) götürən Çin və Hindistan alır. "Reuters” hesab edir ki, Asiyaya marşrutun uzadılması səbəbindən bir barel üçün 20 dollara çatan nəqliyyat xərcləri nəzərə alınsa, Rusiya neftçiləri Ural neftinin bir barelinə görə 40-45 dollardan çox qazanmırlar.

"Bloomberg” mənbələri bildirirlər ki, daimi müştərilərin az olması səbəbindən Kreml ehtiyatlı olmaq istəyir və qeyri-bazar addımlarına əl atmaq istəmir. Rusiya öz neftinin alıcılarına "tavan”dan fərqli olaraq şəffaf qiymət mexanizmi təklif etməyə çalışacaq”, - deyə onlardan biri vurğulayır.
Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, sanksiyalara qoşulan ölkələrə neft satışı dayandırılacaq, lazım gələrsə, neftçilər bunun üçün neft quyularını "bağlayacaqlar”. Baş nazirin müavini Aleksandr Novak dekabrın 4-də deyib ki, "Biz hasilatı bir qədər azaltmalı olsaq belə, bizimlə bazar şərtləri əsasında işləyəcək ölkələrə neft və neft məhsulları satacağıq”. O, əmin edib ki, "tavan qiymətləri” Rusiya neftinin ixracına təsir etməyəcək və dekabrda tədarüklər noyabr ayı səviyyəsində qalacaq.

Asiyaya ixrac imkanları nəzəri olaraq qalsa da, praktikada Rusiya çətin ki, bütün həcmlər üçün alıcı tapa bilsin - bu, gündə 1,5 milyon barel xam neft və 1 milyon barel neft məhsulları deməkdir. 

Beynəlxalq enerji agentliyinin məlumatına görə, Rusiya neft sənayesi 2023-cü ildə hasilatı sutkada 1,4 milyon barel azaltmalı olacaq və yazda pik həddə çatdıqda, azalma sutkada 2 milyon barrelə çata bilər. Agentliyin proqnozuna görə, Rusiyada orta illik hasilat sutkada 9,6 milyon barelə qədər azalacaq, bu da öz növbəsində 2000-ci illərin sonundakı səviyyəyə uyğundur.

Nizami Bağırov