Siyasət 15:57 24.12.2022

Kremlin hiyləgər “Vardanyan gedişi” nəyə xidmət edir?

"Vardanyanın gələcək planı Ermənistanda baş nazir və ya prezident olmaqdır. Ermənistan qanunvericiliyinə görə isə digər ölkə vətəndaşları bu ölkədə yüksək postlar tuta bilməz. Ona görə də Kreml həmin planın həyata keçməsi üçün Vardanyanı vətəndaşlıqdan çıxarıb”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Rusiya prezidenti Vladimir Putinin Ruben Vardanyanı vətəndaşlıqdan çıxarmasına münasibət bildirərkən deyib.

"Bu məsələyə iki kontekstdən yanaşmaq lazımdır. Vardanyanın Rusiya vətəndaşlığından çıxarılması və Moskvanın ondan imtina etməsi. Vardanyanın gələcək planı Ermənistanın baş naziri və ya prezidenti olmaqdır. Bu Moskvanın da ürəyincədir. Əslində, bu elə əvvəlcədən Moskvada hazırlanmış plandır. Ona görə də onu Rusiya vətəndaşlığından çıxarıblar. Çünki Ermənistan qanunvericiliyinə görə, digər ölkə vətəndaşları bu ölkədə yüksək postlar tuta bilməz”, deyə politoloq qeyd edib.



Həmsöhbətimizin fikrincə, Moskva Vardanyandan ona görə imtina edir ki, onun separatçı rejimdə atacağı addımlarda Rusiyanın adı hallanmasın: 

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Vardanyanın Moskva ilə heç bir əlaqəsinin olmadığını söyləyib. Kreml Vardanyanın separatçı rejimə vəzifəyə gətirməsində və ondan sonra Ermənistanda yüksək post uğrunda mübarizə aparmaq niyyətində Rusiyanın əlinin olmadığı obrazını formalaşdırmağa çalışırlar. Bu da belə düşünməyə əsas verir ki, Vardanyan artıq yaxınlarda hansısa çirkin oyunlara imza atacaq. Moskva isə onu vətəndaşlıqda çıxarmaqla bu məsələdə özünü təmizə çıxarmağı düşünür. Vardanyan birmənalı şəkildə Rusiyanın hakim dairəsinin layihəsidir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Putin sərəncam imzalayaraq qanunsuz olaraq Qarabağa köçərək, separatçı rejimdə "vəzifə tutan" milyarder Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarıb. 

Rüfət Sultan