Siyasət 12:24 24.10.2022

KTMT missiyası sərhədə gətiriləcək? - Politoloq

Rusiya mətbuatının məlumatına görə, yaxın günlərdə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçirilə bilər. Diplomatik mənbənin "Vedomosti”yə  bildirdiyinə görə, Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşün təşkilinə hazırlıq gedir. Başqa bir mənbə isə nəşrə bildirib ki, üçtərəfli danışıqlar oktyabrın sonunda baş tutacaq. Görüşün məkanı kimi Moskva və Soçi şəhərlərinin adı çəkilir. "Çox güman ki, danışıqlar Soçidə keçiriləcək”, deyə "Vedomosti” yazıb. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25-də Soçidə Valday Diskussiya Klubunun plenar iclasında iştirak edəcək. Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş Avropa İttifaqının vasitəçiliyilə oktyabrın 4-də Praqada olub. Həmin görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyan 1991-ci il sənədinə sadiqliyini bəyan ediblər. 

Praqada olan görüşdən sonra bu istiqamətdə növbəti addımın Moskvadan gələcəyi gözlənilirdi. Məsələ ondadır ki, Qərb və Moskva rəqabət apararaq, prosesdə əsas rol oynadığını ortaya qoymağa çalışır. Bu fonda vasitəçilərdən hər hansı biri tərəflər arasında görüş təşkil edən kimi, digər vasitəçi də həmin istiqamətdə özünü aktiv göstərməyə çalışır. 

Rusiyada gözlənilən üçtərəfli görüş nə vəd edir? 

Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirib ki, görüşdə əsasən delimitasiya və demarkasiya, habelə Aİ missiyasına cavab olaraq KTMT missiyasının da sərhədə gətirilməsi kimi məsələlər müzakirə predmeti olacaq:



"Praqa görüşündən sonra Moskvanın patronajlığı altında növbəti görüşün olması gözləniləndir. Rusiya çalışır ki, Azərbaycan-Ermənistan münaqişəsi məhz onun öz iradəsilə həll olunsun. Ona görə də danışıqlar təşəbbüsünü yenidən öz əlinə almaq istəyir. Moskva yenə də Rusiya senarisilə sülh sazişini şəkilləndirməyə çalışacaq. Rusiya elə bir həll variantı üzərində israr edir ki, tərəflərdən heç biri özünü qalib hiss etməsin. 

Moskvanın təşəbbüsü ilə keçiriləcək növbəti görüşdə daha çox sülh sazişinin konturlarını müəyyənləşdirməyə çalışacaqlar, müzakirə həmçinin delimitasiya və demarkasiya məsələləri ətrafında aparılıcaq. Xüsusən də Paşinyanın sərhədə Avropa İttifaqının mülki missiyasının gətirilməsi təşəbbüsünə cavab olaraq Moskva da KTMT səviyyəsində missiyanın yerləşdirilməsində israr edəcək. Azərbaycan isə həmin görüşdə 10 noyabr sazişinin bütün bəndlərinin icra olunmasını, sülh sazişinin özünün elan etdiyi prinsiplər əsasında imzalanmasını tələb edəcək. 
Danışıqlarda hərəkətliliyin olması heç şübhəsiz tərəflərin maraqlarının yaxınlaşmasına xidmət edəcək. Amma bununla belə, birbaşa danışıqlar prosesin daha sürətlə getməsi üçün daha aktualdır”. 

Rüfət Sultan