Ölkə 20:52 30.04.2022

Kür sahilində antik dövrə aid küp qəbirlər aşkarlandı (VİDEO)

Neftçalada kür sahilində növbəti arxeoloji qazıntı işləri aparılarkən antik dövrə aid olan küp qəbirlər aşkarlanıb. Rayonun Pirəbbə kəndi  ərazisində aşkarlanan tarixi nümunələrin bizim eranın I-II əsrlərinə aid olduğu güman edilir.

Biri kiçik, digəri böyük olmaqla iki saxsı küp qəbir...

Bura Kür çayının Neftçala rayonunun Pirəbbi kəndi ərazisindən keçən hissədir. Çayın düz kənarından iki küp qəbir aşkarlanıb. Tapıntıların yaşının min illərlə ölçüldüyü bildirilir və bu ərazidə yaşamış insanların dəfn adətləri barədə məlumatları ehtiva edir...

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun müdiri Mikayıl Mustafayevin sözlərinə görə, küp qəbirlər Qafqaz Albaniyası dövrünə aid olan maddi mədəniyyət nümunələridir və bizim eranın I-II əsrlərinə aid olduğu güman edilir.

Qeyd edək ki, son günlər Kür çayının səviyyəsinin düşməsi nəticəsində Neftçala rayonunda arxeoloji qazıntılar genişləndirilib. Bu çərçivədə tapılan iki küpdən birinin hündürlüyü 65-66 santimetr, digərinin hündürlüyü isə 1 metr 80 santimetrdir. Küpün ağzı cənuba, oturacaq hissəsi Kürə doğrudur...

Küp qəbirlər islamaqədərki dəfn adətləri içərisində geniş yayılmış adətlərdən biridir. Küp qəbir abidələri Kür çayı boyu aşkar edildiyindən bu ərazilərdə qədim yaşayış məskənlərinin olduğunu deməyə əsas verir.