Ölkə 16:03 03.05.2023

Kürdəmirdəki qəzada yaralananların 3-ü uşaqdır - TƏBİB-dən açıqlama (FOTO/VİDEO/YENİLƏNİB)

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki "113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.

Qaynarinf xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 3-ü uşaq olmaqla 8 nəfər saat 13:45 radələrində TƏBİB-in tabeliyindəki Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir.

Xəsarət alan 1 nəfərin (qadın) vəziyyəti ağır, uşaqların (2 qız, 1 oğlan olmaqla) və 5 nəfərin (kişi olmaqla) vəziyyəti isə stabildir.
 
15:21

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəza ölən şəxslərdən birinin kimliyi məlum olub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu, Həmidə Quliyevadır.

Qəza zamanı Quliyev Fəxrəddin Məhəmmədhəsən oğlu, Quliyev Elgün Rəhbər oğlu, Məmmədova Zeynəb Mübariz qızı, Quliyeva Zəhra Vüqar qızı, Quliyev Məhəmməd Vüqar oğlu, Quliyeva Qələmnaz Vüqar qızı, Əliyev İlqar Gəray oğlu, Mehdiyev Eldəniz Zahid oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.
 
 14:59

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə ilkin məlumata görə, 2 nəfər ölüb, 8 şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.