İdman 13:00 12.05.2022

Kyellini "Yuventus"la vidalaşdı

İtaliya Kubokunun finalında "İnter"ə əlavə vaxtda 4-2 hesabı ilə məğlub olan "Yuventus"un kapitan Giorgio Kyellini matçdan sonra çıxış edərək mövsümün sonunda komandadan ayrılacağını bildirib.

Qaynarinfo xəbər verir ki, 17 ildir Torino klubunda forma geyinən Kyellini növbəti ünvanını açıqlamasa da, italiyalı müdafiəçinin ABŞ-da MLS-də çıxış edəcəyi gözlənilir. Qərarın tamamilə özünə aid olduğunu söyləyən 37 yaşlı futbolçu "Yuventus" azarkeşi olduğunu bildirib.

2004-cü ildə İtaliyanın Livorno klubunun infrastrukturunda yetişdikdən sonra əvvəlcə "Fiorentina"ya, bir il sonra "Yuventus"a transfer olan Kyellini Turin təmsilçisində meydana çıxdığı 560 matçda, 36 qola, 25 məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov