Siyasət 18:29 05.08.2022

Laçındakı ermənilərə vaxt verildi: "Dedilər ki, ruslar gedəcək, azərbaycanlılar gələcək" (VİDEO)

Laçında yaşayan ermənilər bu ayın sonuna qədər şəhəri tərk etməlidirlər.

Qaynarifno xəbər verir ki, bunu "Azadlıq” radiosunun erməni bürosuna şəhərdə yaşayan ermənilər bildirib.

Laçında qanunsuz olaraq yaşayan erməni Anna Markaryan qeyd edib ki, bu barədə onlara şəhərin "meri” və "administrasiya rəhbəri” görüş zamanı deyib.

Bu arada Laçının Zabux kəndində qanunsuz olaraq məskunlaşan ermənilərə kəndi tərk etmək tapşırılıb. Belə ki, kənd sakinlərindən biri "Azadlıq” radiosuna bildirib ki, onlara kəndi tərk etmək üçün avqustun 25-dək vaxt verilib: "Bizə dedilər ki, ruslar gedəcək, azərbaycanlılar gələcək”.
 
Qondarma rejimin "ərazi və infrastruktur naziri" Hayk Xanumyan Laçın və Zabuxda yaşayan ermənilərə avqustun 25-dək evlərini tərk etmələri üçün vaxt verib. Bu barədə avqustun 5-də Axavno kəndinin başçısı Andranik Çauşyan Ermənistan News-NEWS.am-ın müxbirinə müsahibəsində bildirib.

Laçındakı ermənilər şəhəri "təslim etməməyi" və onlara aydın təminat verilməsini tələb edərək Laçın dəhlizinə gedən yolu bağlayıblar.

Onlar Rusiya sülhməramlılarının rəhbəri ilə danışmaq istədiklərini bildiriblər. Polis aksiyanın qarşısını alıb.

Ermənilər deyirlər ki, həmin gün dəhliz Azərbaycana təhvil veriləcəyi üçün onlara avqustun 25-dək şəhəri tərk etmək üçün vaxt verilib.

Xatırladaq ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan yolun alternativ hissəsində tikinti işlərinə artıq başlanıldığını və yaza qədər tamamlanacağını bildirib.