Dünya 18:02 10.03.2023

Lavrov Gürcüstandakı etirazları Maydanla müqayisə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Tiflisdə xarici agentlər haqqında qanunun qəbuluna etirazlar ona Ukrayna inqilabını çox xatırladır. Lavrov hesab edir ki, sənəd ətrafında yaranmış vəziyyət "hakimiyyəti güc yolu ilə dəyişdirmək cəhdi” üçün bəhanə olub.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Kiyev Maydanına çox bənzəyir. Şübhə yoxdur ki, yalnız büdcəsinin 20%-i həcmində xaricdən maliyyə alan qeyri-hökumət təşkilatlarının qeydiyyatı haqqında qanun, ümumiyyətlə, hakimiyyəti zorla dəyişdirmək cəhdinə başlamaq üçün sadəcə bəhanə idi”, deyə Lavrov Birinci kanalın efirində deyib.

Son günlər Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinə qarşı kütləvi etiraz aksiyaları keçirilib və nəticədə etirazçılarla polis arasında toqquşmalar olub. Təhlükəsizlik qüvvələri etirazçıları su şırnaqları və gözyaşardıcı qazla dağıdıb. Nəticədə hakimiyyət müxalifətin tələbləri ilə razılaşaraq qanun layihəsini ikinci oxunuşda bilərəkdən qəbul etdirməyib.

Gürcüstan müxalifəti bunu Rusiyanın xarici agentlərlə bağlı qanunvericiliyinin analoqu adlandırıb. Daha sonra qanun layihəsinin ABŞ qanunlarından köçürülmüş başqa variantı parlamentə təqdim edilib. Ölkə hakimiyyəti bunu sənədin daha yumşaq variantı adlandırsa da, Gürcüstan müxalifəti bununla razılaşmayıb. Bu qanun layihəsi də qəbul edilməyib.

Nizami Bağırov