Dünya 14:47 28.02.2024

Litva ölkədə yaşayan 18 min belarusu yoxlayacaq

Litvanın Miqrasiya Departamenti 2022-ci ildə məhdudiyyətlər tətbiq olunana qədər ölkəyə gələn 18 mindən çox belarusunu yoxlamağı planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

Məlumatlarını yoxlamağı planlaşdırdıqları belaruslar ölkəyə yeni gələn vətəndaşlarla eyni sorğu vərəqini doldurmalı olacaqlar.

"Biz əlavə sorğu vərəqəsini təqdim etməzdən əvvəl işləmək əsasında yaşamaq icazəsi almış bütün Belarus vətəndaşlarını yoxlamağa başlayacağıq", Miqrasiya Departamentinin rəhbəri Evelina Qudzinskayte ELTA xəbər agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Litvada 18 minə yaxın belə belaruslu var və onların yaşayış icazəsi hələ də qüvvədədir. Əgər şəxs haqqında mənfi məlumat aşkar edilərsə, Miqrasiya Departamenti Dövlət Təhlükəsizliyi İdarəsinə (DTİ) müraciət edir.

"Əgər şəxs anketə cavab vermirsə, bu, onun əleyhinə yozulacaq. Əgər şəxs cavab verərsə, o zaman cavabları qiymətləndiriləcək. Mənfi məlumat aşkar edilərsə, DTİ ilə məsləhətləşəcəyik. Əgər DTİ şəxsin dövlət təhlükəsizliyinə təhlükə yaratdığı qənaətinə gələrsə, yaşayış icazəsi ləğv ediləcək", deyə Qudzinskaite izah edib.

Xatırladaq ki, 2022-ci ilin noyabrından Litvaya daxil olan rusiyalılar və belaruslulardan Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı fikirlərini bildirmək üçün xüsusi anket doldurmaq tələb olunur. O vaxtdan bəri 1644 Belarus və 397 Rusiya vətəndaşı Litvanın milli təhlükəsizliyinə təhdid hesab edilib və onlara yaşamaq icazəsi verilməyib.

Litva hökuməti martın 1-dən Belarusla sərhəddəki "Lavorişkes" və "Rayqardas"sərhəd-keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edib. Litva hakimiyyəti iddia edir ki, bu addım milli təhlükəsizlik, qaçaqmalçılıq və beynəlxalq sanksiyaların pozulması problemlərinin həllinə yönəlib.

Nizami Bağırov