Dünya 20:45 03.10.2022

Litva Rusiyanın xüsusi adamını ölkədən qovur: Moskva cavab verəcəyini vəd edir

Bazar ertəsi, oktyabrın 3-də Litva Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkili Sergey Ryabokou persona-non-qrata elan edən nota təqdim edib. O, beş gün ərzində ölkəni tərk etməlidir.

Bu barədə Qaynarinfo Litva Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Litvanın qərarı Ryabokonun son hərəkətləri və bəyanatları ilə əlaqədar qəbul edilib ki, bu da ölkənin Xarici İşlər Nazirliyinin fikrincə, diplomat statusu ilə bir araya sığmır və ev sahibi dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Buna görə də Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulması hesab olunur.

Son hərəkətlərin və bəyanatların nədən ibarət olduğu açıqlanmır.

Həmçinin, Rusiya Federasiyası prezidentinin Ukraynanın dörd vilayətinin ilhaqını elan etməsi ilə bağlı Rusiya səfirliyinin nümayəndəsinə etiraz edilib.

Ryabokonun ölkədən çıxarılması ilə bağlı qərar o deməkdir ki, Rusiya Litvadakı səfirliyinə yeni rəhbər təyin etməli olacaq.

Moskvada isə vəziyyətə "cavab” verəcəkləri ilə hədələyiblər.

Xatırladaq ki, aprel ayında Rusiya hərbçilərinin Ukrayna Buçasında törətdiyi vəhşiliklərdən sonra Litva Rusiya səfirini ölkədən çıxarmaq və Rusiya Federasiyası ilə diplomatik münasibətləri azaltmaq qərarına gəlib.

Nizami Bağırov