Nazlı Ağayeva
Ölkə 10:27 23.06.2020

Ölmüş yüzlüyün itməkliyi

Nazlı Ağayeva

Xoşbəxt adamın gündəliyindən...

Bankomatdan pul çıxartmaq çox xoşuma gəlir. Çünki ordan evə qədər davam edəcəyim yolda məhz həmin xoşbəxt anları gözləyən başqa ünvanlar da var. Qədim İsmayıl bəy Qutqaşınlı küçəsinin müasir Heydər Əliyev prospektinə çevrilmiş versiyasında bir neçə dükandan bizə ən yaxın olan ikisi, məsələn. Akifin və İntiqamın dükanı. Akifdən xeyli böyüyəm deyə mənə Nazlı xanım deyir. Nisyə dəftərində təsadüfən bir dəfə adımı görmüşəm: "Jurnalist Nazlı xanım”. Təxminən yaşıd olduğumuz İntiqam isə "bacı” deyir. Dəftərə nə yazır, bilmirəm. Necə çağırıb yazmaqları maraqlı deyil, nisyə dəftərləri onsuz da tez-tez dolub yenilənir, maraqlı və hətta möhtəşəm olan bankomat əməliyyatından çıxıb o dükanlara girdiyin anlardır. 

"Can bala, ordan bir mənim adıma bax görək...” və yaxud "Ay İntiqam, ayağımın hesabına nisyə-zad ödəyən oldum daha mən də” kimi havalı cümlələr... 
Belə gözəl hisslərə qapılıb yenə pulun miqdarını səhv yazdım. Aparatın dibində saxladığım yüz manatı əskik göstərəndə ələ xırda pul gəlir. Mən maymaq isə yüz manat yazan kimi diri yüzlük çıxdı. Həmin diri yüzlüyü Akifin dükanında xırdalaya bilmədim, borcumun üstündən bir az alış-veriş etməyin xeyri də olmadı. Sadəcə, dəftərdəki rəqəm qaralandı. Yolun o biri üzünə keçib İntiqamdan bəzi şeylər aldım. Orda da eyni vəziyyətdi. Üstəgəl iki təzə nisyə ilə kor-peşman evə qayıtdım. Ovcumda sıxdığım yüzlüyü dolabın üstünə qoyub özümü itdən alıb itə verməyə başladım. Niyə doxsan beş deyil, məhz yüz yazdım? Hələ aldığım ərzaqlara da o qədər ehtiyac yox idi. 

Pulu götürüb "həm ziyarət, həm ticarət” misalında qonaq getdim. Xalturşik milləti diribaş olur, xırdalatdıraram deyə. Maşına əyləşən kimi dərdimi dedim ki, məsələdən hali olsun. Yoxsa ən az iki-üç manatlıq benzin gedəcəkdi. Hərçənd rastlaşanda başqa bir dəfə verərəm, amma bəlkə evinə məhz bu səfər hesabına çörək alacaqdı. Dayanacaqda müştəri gözləyən nə qədər onun kimilər var. Adam "problem yoxdu, bacım” deyib orta bir dükanın yanında saxladı. Yolumuzun üstündə iri marketlər yox idi. Pulu götürüb düşdü və dərhal da qayıtdı. Kassada cəmi otuz dörd manat varmış. Təkər təmiri yerində saxladı, üzü qara ləkələrə bulaşmış oğlan yüzlüyə gülümsəyib ağappaq dişlərini göstərdi. Saxladığımız bərbərxana, kafe kimi xidmət sahələrində təxminən on beş-iyirmi manatlıq alver olubmuş. Sürücü əliboş qayıtdıqca yüzlük gözümdən düşürdü. 

Çatacağım ünvandakılar da hər dəfə kontur, konfet, siqaret kimi xırda-para ehtiyaclarını mənim hesabıma yola verirdilər. Yoxsa onlardan götürüb sürücünü yola salardım. Ünvana çatanda sürücüdən xahiş etdim ki, yüzlüyü yolüstü mərkəzi marketlərdə xırdalasın. Sabahda-zadda qalığı qaytarar. Adam razı olmayıb yüzlüyü çantamın üstünə qoydu. "Bir nisyə də belə getdi” deyə düşünüb qapıya çatmışdım ki, evin gəlini sevincək üstümə gəlib mənim sevdiyim südlü aşdan bişirdiklərini dedi. Amma kişmişlə yağ almağa imkan olmayıb. Uşağı dükana göndərmək üçün məni gözləyiblər. Yüzlüyü xırdalaya bilməsələr, nisyəyə mənim adımı yazdırmaqlarını tapşırdım. Nə də olsa südlü aşın birinci hissəsinin müəllifi onlar idilər. İkinci də mən sponsorluğumla başa gəlsin. Bir azdan uşaq dükandan əlidolu qayıtdı. Yüzlüyü də qaytarıb gətirmişdi. Demək, adım bu məhlənin nisyə kitabına da düşdü. O günü evə piyada qayıtdım. 
Ertəsi gün küçəmizə xalçasatanlar gəlmişdi. Çıxıb yüzlüyə xırdaları varmı deyə soruşdum. Varmış! Yüzlüyü götürməyə sevincək evə gəldim. Çantamdan tapa bilmədim. Təkrar-təkrar baxdım. Dolabın üstündə də yox idi. Digər güman gələn yerləri ələk-vələk elədim. Heç olmayıbmış kimi izi-tozu görünmürdü. Oturub özümü sakitləşdirməyə, o günləri baş verən xırda detalları belə yaddaşımda canlandırmağa çalışdım. 

...Piyada yuxarı qalxanda tərləmişdim, salfet axtaranda çantamı saldım. Teretuarın qırağındakı yaşıllıqdan sənədləri və digər xırda-mırda şeyləri birtəhər tapıb yığışdırmışdım. Yüzlüyü görə bilməmişəm yəqin. İlin-günün, elin obanın bu vaxtında yüz manat itirmək xeyli ağır hadisədir. Həm də bu qədər zəruri ehtiyacların qabağında. Düzü əvvəl çox pərt oldum. Özümü bağışlamayacaq qədər əsəbiləşdim. Sonra düşünüb-daşınıb yüngülləşdim: Hansı yüz manat? O yüz manat hər nisyədə bir az "xırdalanıb” qurtarmamışdımı? Onda mən nəyi axtarırammış?

Ölkəmiz, maşallah, hikmət xəzinəsidir. Bilmirsən itib xırdalanırsan, ya xırdalanıb itirsən. Əsas ki, əlində pul oynayır, cibində siçanlar...