Dünya 20:21 27.09.2023

Los-Ancelesdə barmenlər və kulinarlar tətilə səs verdi

Kulinariya əməkdaşları və barmenlərin həmkarlar ittifaqları Los-Ancelesdə tətil elan etmək üçün səs verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə kulinariya əməkdaşlarının həmkarlar ittifaqının saytı məlumat yayıb.

İki həmkarlar ittifaqı Los-Anceles və Nevada ştatının Reno şəhərində otelçilik sahəsi üzrə təxminən 60.000 işçisini təmsil edir. Renodan olan işçilər səsvermədə iştirak etməyiblər, lakin onların cəmi 7 minə yaxındır. Həmkarlar ittifaqı üzvlərinin böyük əksəriyyəti (təxminən 53 min) Los-Ancelesdə çalışır. 

Barmenlər və kulinariya mütəxəssisləri Los-Ancelesin ən böyük kazino operatorları ilə yeni razılaşma əldə etməyə çalışırlar. Əvvəlki müqavilənin müddəti sentyabrın əvvəlində başa çatıb. Həmkarlar ittifaqlarının müraciətində qeyd edilir ki, işçilər əmək haqlarının artırılmasını, iş həcminin azaldılmasını və təhlükəsiz iş şəraitinin yaradılmasını tələb edirlər.

Həmkarlar ittifaqı üzvlərinin 95%-i çərşənbə axşamı tətilin lehinə səs verdikdən sonra təşkilatların idarə heyəti istənilən gün aksiyanın başlandığını elan etmək hüququna malikdir. Bu, "MGM Resorts", "Caesars Entertainment Corporation" və "Wynn/Encore Resorts"a məxsus 22 qumar və əyləncə məkanına təsir edəcək. 

Eyni zamanda, kulinariya işçilərinin həmkarlar ittifaqı tətilə əl atmadan razılığa gəlmək ümidi ilə bütün qumar və əyləncə komplekslərinin operatorları ilə danışıqları davam etdirir.

Nizami Bağırov