Ölkə 08:34 07.06.2023

“Lotu Quli”nin 27 ildən sonra bəraət alan adamı ilə bağlı qərar

Ali Məhkəmədə 1996-cı ildə rəhbərlik etdiyi firmalarla o vaxtkı Ticarət Nazirliyi ilə müqavilələr bağlayaraq ölkəyə şəkər tozu gətirəcəyi vədi verib dövlətə 3 milyon manat ziyan vurmaqda təqsirləndirilən Emil Xəlilovun barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

Qeyd edək ki, Xəlilov Emil Möhübət oğlu uzun illər beynəlxalq axtarışda olub. O, 2018-ci ildə Ukraynada həbs olunaraq Azərbaycana ekstradisiya olunub.

Həmin vaxt Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin özünün sosial şəbəkə hesabında Emil Xəlilov haqda paylaşım edib. O, Emil Xəlilovun Ukraynada saxta sənədlərlə yaşadığını və mütəşəkkil cinayətkar qrupa rəhbərlik etdiyini yazıb: "Emil Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda Emil Xəlilov status qazanıb və "vor zakon” olmağa can atır. Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli "vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.

Sonradan mətbu orqanlarda Emil Xəlilovun "Lotu Quli" kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı olduğu barədə məlumatlar yayılıb.

Emil Xəlilova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (sənədləri məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məhkəmə təqsirləndirilən şəxsin cinayət törətməsindən 20 il keçdiyi üçün cinayət işinə xitam verib. Emil Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.

Müdafiə tərəfi bəraət tələbi ilə hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinə 2020-ci ildə daxil olmuş iş üzrə qərar elan olunub.

Hakim Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyəti birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığı, təqsirləndirilən şəxsin günahsız olduğu qənaətinə gəliblər.

Məhkəmə Emil Xəlilov barəsində bəraət qərarı çıxarıb.